Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə yaradılmış Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzinin ("Yaradacı Mərkəz"in) təşkil etdiyi Yaradıcı İnkişaf Proqramı çərçivəsində bu gün ilk təlim keçirilib.
Manset.az xəbər verir ki, "Sözün Gücü: Effektiv Nitq və Diksiya" adlanan təlimdə iştirakçılara müasir onlayn kommunikasiyalar dövründə səsin və nitqin oynadığı mühüm rol, onlardan düzgün istifadə etməyin vacibliyi izah olunub.
Təlimçi Zaur Tahirsoy iştirakçılara auditoriyaya təsir etməyin incəlikləri, danışıq texnikaları, düzgün tələffüz, nəfəsin idarə olunması barədə məlumat verib. Səhnə qorxusunun səbəbləri, səsin psixoloji təsiri, "ilk 7 saniyə" effekti aydınlaşdırılıb.
"Reels" çəkmək istəyənlər üçün səsdən və nitqdən düzgün istifadənin incəlikləri iştirakçılara xüsusi izah olunub. "Reels" danışığının ritmi, viral nitq, "ilk 3 saniyə" prinsipinin nə olması həm nəzəri, həm də praktik tərəflərdən öyrədilib.
Qeyd edək ki, "Sözün Gücü: Effektiv Nitq və Diksiya" Yaradıcı Mərkəzin təşkil etdiyi Yaradıcı İnkişaf Proqramının çərçivəsində keçirilən ilk təlimdir. Növbəti günlərdə iştirakçıları "Səhnənin dili", "Yaradıcılıqda Süni Zəka", "İdeyadan Biznesə", "Stil və Kimlik", "Rəqəmsal fırça", "Səhnədə Sən", "Brendini Yarat", "İdeyadan məhsula", "Sözdən bəstəyə", "Haradan pul tapmaq olar" mövzusunda dərlsər gözləyir.
Təlimlərdə iştirak ödənişsizdir. Qoşulmaq üçün +994 99 818 99 99 WhatsApp nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Azı 3 təlimdə iştirak edən şəxslərə sertifikat təqdim olunacaq.