Duzun zərərləri təkcə yüksək qan təzyiqi ilə məhdudlaşmır. Başakşehir Çam və Sakura Şəhər Xəstəxanasının Daxili Xəstəliklər üzrə mütəxəssisi dosent Dr. Hanife Usta Atmaca bildirib ki, həddindən artıq natrium qəbulu hipertoniya, böyrək çatışmazlığı, ürək-damar xəstəlikləri, mədə xərçəngi, osteoporoz, yağlı qaraciyər, demensiya və insulin müqaviməti riskini artırır.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, artıq duz bədəndə maye yığılmasına və qan təzyiqinin yüksəlməsinə səbəb olur. Bu isə infarkt, ürək çatışmazlığı və insult riskini artırır. Həmçinin uzunmüddətli yüksək natrium qəbulu sümüklərdən kalsium itkisini sürətləndirərək osteoporoza yol aça bilər.
Ümumdünya Səhiyyə Təşkilatı böyüklər üçün gündəlik duz qəbulunun 5 qramı keçməməsini tövsiyə edir. Gündəlik qəbul edilən duzun böyük hissəsi isə emal olunmuş qidalar, hazır şorbalar, kolbasa məhsulları, pendirlər, souslar və qəlyanaltılardakı “gizli duz”dan qaynaqlanır.
Mütəxəssis duz istehlakını azaltmaq, qablaşdırılmış məhsulların etiketlərini oxumaq və yeməklərə dad vermək üçün limon, sarımsaq və müxtəlif ədviyyatlardan istifadə etməyi tövsiyə edib. Az natriumlu duzların isə xüsusilə hipertoniya və ürək-damar riski olan şəxslər üçün faydalı ola biləcəyi bildirilib.