Saçların vaxtından əvvəl ağarmasına bir sıra amillər təsir göstərir. Biruni Universiteti Tibb Fakültəsi Xəstəxanasının mütəxəssisi professor Zeynep Ocakın sözlərinə görə, stress, qidalanma və həyat tərzi bu prosesi sürətləndirə bilsə də, əsas müəyyənedici faktor irsiyyətdir.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, saç rəngini təmin edən melanin piqmentinin istehsalının azalması nəticəsində saçlar əvvəlcə boz, sonra isə ağ rəng alır. Valideynlərində erkən ağarma müşahidə olunan şəxslərdə bu risk daha yüksəkdir.
Mütəxəssis vurğulayıb ki, 30 yaşdan əvvəl nəzərəçarpacaq saç ağarması bəzi hallarda B12 vitamini, dəmir və mis çatışmazlığının göstəricisi ola bilər. Bununla yanaşı, saçların ağarması xəstəlik deyil, təbii bioloji proses hesab olunur.
Professor əlavə edib ki, hazırda saçların ağarmasını tam dayandıran elmi cəhətdən təsdiqlənmiş müalicə üsulu mövcud deyil. Həyat tərzi və stress prosesi sürətləndirə bilsə də, genetika əsas təsir göstərən amil olaraq qalır.