Yeni araşdırma göstərib ki, musiqi alətində çalmağı öyrənmək sosial medianın diqqət üzərində yaratdığı mənfi təsirləri azalda bilər. British Journal of Psychology jurnalında dərc olunan tədqiqata görə, musiqi təhsili alan uşaq və gənclər diqqət tələb edən tapşırıqlarda daha yaxşı nəticə göstərirlər.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Kanadadakı McMaster University tədqiqatçıları 8-34 yaş arası 268 nəfəri araşdıraraq müəyyən ediblər ki, musiqi təhsili alan iştirakçılar daha sürətli reaksiya verir və diqqətlərini daha yaxşı cəmləyə bilirlər.
Mütəxəssislər bildirirlər ki, ritm öyrənmək, not oxumaq və musiqi məşqləri beynin diqqət və ayıqlıqla bağlı funksiyalarını gücləndirir. Bu nəticələr sosial media və ekran istifadəsinin diqqət müddətini azaltdığına dair narahatlıqların artdığı bir dövrdə əldə olunub.
Tədqiqat müəllifləri hesab edirlər ki, musiqi təhsili diqqət bacarıqlarının inkişafına kömək edərək "beyin çürüməsi" adlandırılan mənfi təsirlərin qarşısını almaqda faydalı ola bilər.