Mütəxəssislər qidanı daha yaxşı çeynəməyin sağlamlığa bir sıra müsbət təsirləri olduğunu bildirirlər. Daha çox çeynəmək həzmi asanlaşdırmaqla yanaşı, toxluq hissini artırır və az yeməyə kömək edir.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, qidanı uzun müddət çeynəmək orqanizmin qida maddələrini daha yaxşı mənimsəməsinə şərait yaradır. Badam və pizza üzərində aparılan tədqiqatlar göstərib ki, daha çox çeynəyən insanlar daha az yağ qəbul edir və daha uzun müddət tox qalırlar.
Mütəxəssislər bildirirlər ki, aclıq və toxluq hormonlarının balansı təxminən 20 dəqiqə ərzində tənzimləndiyi üçün yavaş yemək artıq qida qəbulunun qarşısını alır.
Bundan əlavə, araşdırmalar çeynəmənin beyin funksiyalarına da müsbət təsir göstərdiyini ortaya qoyub. Yaşlı insanlar üzərində aparılan tədqiqatlarda yaxşı çeynəmə qabiliyyətinə malik olan şəxslərin yaddaş, söz ehtiyatı və diqqət testlərində daha yüksək nəticə göstərdiyi müəyyən edilib.
Alimlər çeynəmənin beyinə qan axınını artırdığını və bu prosesin idrak funksiyalarını gücləndirə biləcəyini bildirirlər. Nəticələrə görə, müntəzəm və düzgün çeynəmə həm həzm, həm də beyin sağlamlığı üçün vacib rol oynayır.