Həddindən artıq duz qəbulu yüksək təzyiq, infarkt və insult kimi ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Biruni Universiteti Tibb Fakültəsi Xəstəxanasının kardioloqu dosent Emrah Özdemir bildirib ki, gündəlik həyatda fərqinə varmadan qəbul edilən artıq duz ürək-damar xəstəlikləri riskini artırır.
Onun sözlərinə görə, hazır və emal olunmuş qidalar, fast food məhsulları və qablaşdırılmış qəlyanaltılar yüksək miqdarda gizli duz ehtiva edir.
Mütəxəssis qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatı gündəlik duz qəbulunun 5 qramdan az olmasını tövsiyə edir. O, duz istehlakını azaltmaq üçün yeməyə dadmadan duz əlavə etməməyi, emal olunmuş qidaların istifadəsini məhdudlaşdırmağı və məhsul etiketlərini diqqətlə oxumağı tövsiyə edib.
Özdemir həmçinin uşaqlıqdan düzgün qidalanma vərdişlərinin formalaşdırılmasının ürək sağlamlığının qorunmasında mühüm rol oynadığını vurğulayıb.