logo
logo logo
logo

Saçların ağarması yalnız yaşla bağlı deyil - Yeni araşdırma

01:30 - 16 İyun 2026

Saçların ağarması yalnız yaşla bağlı deyil - Yeni araşdırma

Tokio Universitetinin tədqiqatçıları maraqlı bioloji proses müəyyən ediblər: saçların piqmentini itirməsi DNT zədələnməsinə qarşı qoruyucu mexanizmlərdən biri ola bilər.


Manset.az Qaynarinfo-ya istinadən xəbər verir ki, yapon alimlərindən ibarət qrup siçanların saç follikullarında yerləşən kök hüceyrələrin davranışını araşdırıb. Müşahidələr göstərib ki, DNT zədələndiyi zaman bu hüceyrələr regenerasiya prosesini dayandırır və diferensiasiya olunmuş hüceyrələrə çevrilirlər. Bu proses isə saçların ağarmasına gətirib çıxarır.

"Qocalma ilə əlaqəli diferensiasiya” adlandırılan bu reaksiya zədələnmiş hüceyrələrin bölünməsini dayandıraraq şişlərin yaranma riskini azaldır.

Tədqiqatın həmmüəllifi, professor Emi Nisimura bildirib:

"Eyni kök hüceyrə populyasiyası stressin növündən və mikromühitdən gələn siqnallardan asılı olaraq tamamilə fərqli talelərlə üzləşə bilər – ya tükənə, ya da çoxala bilər”.

Tədqiqatçıların sözlərinə görə, ağ saçların yaranması və melanoma riskinin artması genetik zədələnməyə cavab olaraq aktivləşən eyni hüceyrə mexanizminin fərqli nəticələridir.

Ağ saçların yaranması müsbət əlamət ola bilər

Araşdırma həmçinin göstərib ki, müəyyən kanserogen maddələrin təsiri altında bəzi hüceyrələr bu prosesdən yayınmağı bacarır. Belə hallarda onlar regenerasiya qabiliyyətini qoruyub saxlasalar da, nəzarətsiz çoxalma riski artır. Bu isə saçların qocalması ilə onkoloji xəstəliklərin qarşısının alınması arasında çox incə bir tarazlığın mövcud olduğunu göstərir.

Beləliklə, saçların ağarması bəzən orqanizmin qoruyucu mexanizmlərinin düzgün işlədiyinin göstəricisi ola bilər.

Tədqiqat heyvanlar üzərində aparılsa da, əldə olunan nəticələr insan orqanizmində baş verən bioloji proseslərin daha yaxşı anlaşılmasına kömək edir.

Alimlər vurğulayırlar:

"Nəticələrimiz ağ saçların xərçəng xəstəliklərinin qarşısını aldığını göstərmir. Bu, sadəcə olaraq orqanizmin DNT zədələnməsinə verdiyi adaptiv reaksiyanı əks etdirir”.

Mütəxəssislərin fikrincə, bu kəşf gələcəkdə regenerativ tibb və onkoloji profilaktika sahələrində yeni metodların hazırlanmasına töhfə verə bilər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az