6 iyul 2026-cı il tarixində Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının 2026-cı ilin ilk yarımilliyinin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib.
Manset.az xəbər verir ki, iclası giriş sözü ilə açan Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının sədri, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov Şuranın fəaliyyət istiqamətləri, qarşıya qoyulan hədəflər və ilk yarımillik ərzində görülən işlər barədə ətraflı məlumat verib.
Əhliman Əmiraslanov çıxışında qeyd edib ki, Qərbi Azərbaycan həqiqətlərinin
beynəlxalq ictimaiyyətə çatdırılması, tarixi yaddaşın qorunması və gələcək nəsillərə
ötürülməsi istiqamətində həyata keçirilən fəaliyyətlər ardıcıl şəkildə davam
etdirilir. O, Ağsaqqallar Şurasının cəmiyyət daxilində milli-mənəvi dəyərlərin
təbliği, ictimai həmrəyliyin möhkəmləndirilməsi və Qərbi Azərbaycana qayıdış
ideyasının təşviqində mühüm rol oynadığını vurğulayıb.
Hesabat yığıncağında Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının sədr
müavini, Vedi rayon İcmasının sədri, akademik Vaqif Şadlinski rəhbərlik etdiyi
rayon icmasında ilk yarımillik ərzində həyata keçirilən görüşlər, təşkilati tədbirlər
və ictimai fəallığın artırılması istiqamətində görülən işlərdən bəhs edib. O, həyata
keçirilən fəaliyyətlərin Qərbi Azərbaycan ideyasının təbliği və icma üzvləri
arasında birliyin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətini qeyd edib.
Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının üzvü, Amasiya rayon İcmasının sədri,
akademik Abel Məhərrəmov çıxışında rəhbərlik etdiyi icmada ilk yarımillik dövr ərzində
keçirilən elmi görüşlər, maarifləndirmə tədbirləri və tarixi yaddaşın
qorunmasına xidmət edən təşəbbüslər haqqında məlumat verib. O, Qərbi Azərbaycanın
tarixi-mədəni irsinin araşdırılması və gələcək nəsillərə çatdırılmasının
vacibliyini vurğulayıb.
Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının üzvü, Çəmbərək rayon İcmasının sədri,
iqtisad elmləri doktoru, professor Əvəz Ələkbərov çıxışında ilk yarımillik ərzində
təşkilati fəaliyyətin gücləndirilməsi, icma üzvləri ilə görüşlərin keçirilməsi
və sosial-ictimai təşəbbüslərin həyata keçirilməsi istiqamətində görülən işlər
barədə danışıb. O, qarşıdakı dövrdə fəaliyyətin daha da genişləndirilməsinin
vacibliyini qeyd edib.
Daha sonra çıxış edənlər - Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının üzvü,
pedaqogika üzrə elmlər doktoru, professor, İcmanın Binəqədi rayonu üzrə nümayəndəsi
Həsən Bayramov, Ağsaqqallar Şurasının üzvü, professor Paşa Musayev (Qəlbinur),
Ağsaqqallar Şurasının üzvü, əməkdar jurnalist, professor Etibar Babayev, və
Ağsaqqallar Şurasının üzvü, filologiya elmləri doktoru, professor Aslan
Bayramov ilk yarımillik ərzində həyata keçirilən elmi, ictimai, maarifçilik və
media fəaliyyəti, Qərbi Azərbaycan həqiqətlərinin təbliği, milli-mənəvi dəyərlərin
qorunması, tarixi yaddaşın gələcək nəsillərə ötürülməsi və gənclərlə iş istiqamətində
görülən işlər barədə məlumat veriblər.
Sonda Şuranın 2026-cı ilin ilk yarımilliyinə dair fəaliyyəti qənaətbəxş qiymətləndirilib,
qarşıdakı dövrdə Ağsaqqallar Şurasının fəaliyyətinin daha da genişləndirilməsi,
ictimai fəallığın artırılması, gənclərlə işin gücləndirilməsi və Qərbi Azərbaycan
həqiqətlərinin beynəlxalq müstəvidə daha fəal şəkildə təbliği istiqamətində təkliflər
səsləndirilib.