Fransada həyat bahalılığına qarşı və əməkhaqlarının artırılması tələbi ilə keçirilən etiraz aksiyaları çərçivəsində 448 nəfərin saxlanıldığı bildirilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Fransa Daxili İşlər Nazirliyi ölkədə işçi həmkarlar ittifaqlarının çağırışı ilə dünən təşkil edilən nümayişlər zamanı 53 hüquq-mühafizə orqanı əməkdaşının yaralandığını açıqlayıb. Nazirlik, həmçinin aksiyalar zamanı 448 nəfərin nəzarətə götürüldüyünü qeyd edib.
Fransalılar oktyabrın 17-dən etibarən bahalaşmaya qarşı küçələrə axın edirlər. Dünənki etirazlar həmin tarixdən bu yana qeydə alınan ən kütləvi aksiyalar kimi rəsmi hesabatlara düşüb. Rəsmi məlumatlara əsasən, nümayişlərə təxminən 600 min nəfər qatılıb, həmkarlar ittifaqları isə bu rəqəmin 1,6 milyon olduğunu açıqlamışdı.
Etirazçılar maaşlarının artırılmasını və dövlət xidmətlərindəki büdcə ixtisarlarına son qoyulmasını da tələb ediblər. Paytaxt Parisdə və şimaldakı Lill şəhərində təşkil olunan aksiyalarda polis bəzi nümayişçilərə qarşı bibər qazı və dəyənəkdən istifadə edərək müdaxilə edib.