Yardımlıda 2200 illik antik şəhər aşkarlanıb, Atropatena dövrünə aid ilk iri yaşayış məskəni tapıldı. Azərbaycanın qədim dövlətçilik tarixinə və zəngin mədəni irsinə işıq salacaq mühüm arxeoloji kəşf Yardımlı rayonunda qeydə alınıb.
Manset.az xəbər verir ki, Azərbaycan–ABŞ Beynəlxalq Arxeoloji Ekspedisiyasının apardığı qazıntılar zamanı Urakəran kəndi ərazisində yerləşən “Seyidin Yeri” adlanan sahədə təxminən 2200 il əvvələ aid iri antik yaşayış məskəninin qalıqları aşkarlanıb.
Mütəxəssislərin qənaətinə görə, bu, Azərbaycanın cənub-şərq dağlıq zonasında Atropatena dövrünə aid elmi şəkildə tədqiq olunan ilk iri şəhər tipli yaşayış məskənidir.
Azərbaycan və ABŞ alimlərinin birgə araşdırması
İyunun 10-dan etibarən davam edən arxeoloji tədqiqatlar AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun Azərbaycanın Cənub-şərq dağlıq ərazilərinin antik dövr abidələrinin tədqiqi ekspedisiyası ilə ABŞ alimlərinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir.
Ekspedisiyaya Azərbaycan tərəfindən tarix üzrə fəlsəfə doktoru Ceyhun Eminli, ABŞ tərəfindən isə Los-Anceles Kaliforniya Universitetinin (UCLA) professoru Lara Fabian rəhbərlik edir.
Layihənin əsas məqsədi Atropatena dövlətinin dağlıq ərazilərində yerləşən yaşayış məskənlərini və nekropolları araşdırmaq, regionun urbanizasiya prosesini, qədim insanların yaşayış tərzini, təsərrüfatını və digər bölgələrlə iqtisadi-mədəni əlaqələrini elmi əsaslarla öyrənməkdir.
2200 illik şəhər tipli yaşayış məskəni
Qazıntılar Viləş çayının sol sahilində, təbii keçidlər və sıldırım dağlarla əhatələnmiş strateji mövqedə aparılır. Tədqiqatlar göstərir ki, burada eramızdan əvvəl III–II əsrlərdən başlayaraq uzun müddət yaşayış mövcud olub.
Arxeoloqların sözlərinə görə, yaşayış məskəni müxtəlif dövrlərdə genişləndirilib, yeni tikililər əvvəlkilərin üzərində inşa edilib və nəticədə böyük memarlıq kompleksi formalaşıb.
Hansı tapıntılar üzə çıxıb?
Qazıntılar zamanı qədim şəhərin memarlıq və təsərrüfat həyatını əks etdirən çoxsaylı maddi-mədəniyyət nümunələri aşkar edilib.
Tapıntılar arasında:
* iri daş divar qalıqları;
* yaşayış otaqları;
* ehtimal olunan müdafiə istehkamları;
* təsərrüfat və ərzaq anbarları;
* minlərlə yerli istehsal saxsı nümunəsi;
* şüşə istehsalına aid tullantılar;
* müxtəlif məişət əşyalarının qalıqları yer alır.Mütəxəssislər bildirirlər ki, tapılan şüşə istehsalı qalıqları bu ərazidə eramızın I əsrinin əvvəllərində yerli şüşə istehsalının mövcud olduğunu göstərən mühüm arxeoloji sübutlardan biridir.
Güclü yanğının izləri müəyyən edilib
Arxeoloji qazıntılar zamanı otaqların döşəməsində qalın kül və kömür qatları, eləcə də yanaraq uçmuş tavan qalıqları aşkarlanıb.
Alimlərin fikrincə, bu izlər yaşayış məskənində qədim dövrdə böyük yanğının baş verdiyini və tikililərin həmin hadisə nəticəsində dağıldığını göstərir.
Orqanik nümunələr ABŞ-da analiz olunacaq. Qazıntılar zamanı aşkarlanan orqanik materiallar xüsusi qaydada qablaşdırılaraq laborator analiz üçün ABŞ-ın Hamilton Kollecinə göndəriləcək.
Analizlərin nəticələri qədim insanların qidalanması, əkinçilik fəaliyyəti, təsərrüfatı və gündəlik həyatına dair yeni elmi məlumatların əldə olunmasına imkan verəcək.
Qədim şəhərin sərhədləri daha da geniş ola bilər . Hazırda ekspedisiya tərəfindən təxminən 300 kvadratmetrlik sahə tədqiq olunur. Alimlər hesab edirlər ki, yaşayış məskəni bundan xeyli böyük ərazini əhatə edir.
Növbəti illərdə geofiziki üsullar və genişmiqyaslı qazıntılar vasitəsilə qədim şəhərin tam planının müəyyənləşdirilməsi nəzərdə tutulur.
Açıq səma altında muzey yaradılması təklif olunur.Ekspedisiya üzvləri və yerli ziyalılar hesab edirlər ki, bu unikal arxeoloji kompleks konservasiya edilərək açıq səma altında muzeyə çevrilə bilər. Belə bir layihənin həyata keçirilməsi Yardımlının turizm potensialını artırmaqla yanaşı, Azərbaycanın qədim dövlətçilik tarixinin beynəlxalq səviyyədə daha geniş tanıdılmasına da mühüm töhfə verə bilər.
Qeyd edək ki, builki arxeoloji qazıntı mövsümü iyulun 15-dək davam edəcək. Tədqiqatların növbəti mərhələsində yaşayış məskəninin tam sərhədlərinin müəyyənləşdirilməsi və yeni arxeoloji komplekslərin üzə çıxarılması planlaşdırılır.
Nuranə Alisoy