“Azərsun Holdinq” ölkənin aparıcı media nümayəndələri üçün qeyri-rəsmi
formatda görüş təşkil edib. Tədbirdə ölkənin aparıcı informasiya agentliklərinin,
çap və onlayn media qurumlarının nümayəndələri, Bakı Dövlət Universitetinin
Jurnalistika fakültəsinin müəllim heyəti, Azərbaycan Mətbuat Şurasının üzvləri
iştirak ediblər.
Manset.az xəbər verir ki, görüş səhər yeməyi süfrəsi ətrafında səmimi söhbətlə başlayıb. Tədbir
iştirakçıları media sahəsində son tendensiyalar, peşəkar jurnalistikanın cəmiyyət
üçün əhəmiyyəti, informasiya mühitində keyfiyyətli və operativ xəbərin rolu, eləcə
də media ilə özəl sektor arasında əməkdaşlığın perspektivləri barədə fikir
mübadiləsi aparıblar.
Tədbirin daha yaddaqalan hissəsi isə jurnalistlər arasında təşkil
olunan intellektual yarış olub. Komandalar müxtəlif mövzular üzrə biliklərini
sınayaraq maraqlı mübarizə aparıblar. Yüksək rəqabət və pozitiv atmosfer şəraitində
keçən yarış iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Yarışın yekun nəticələrinə
əsasən ən yüksək nəticə göstərən üç komanda “Azərsun Holdinq” tərəfindən
mükafatla təltif olunub.
Görüş media nümayəndələrinin bir araya gəlməsi, peşəkar əlaqələrin
möhkəmləndirilməsi və yeni əməkdaşlıq imkanlarının müzakirəsi üçün məhsuldar
platforma rolunu oynayıb.
“Azərsun Holdinq” media ilə açıq, şəffaf və qarşılıqlı etimada əsaslanan
münasibətlərin inkişafına daim xüsusi önəm verir. Qeyd edək ki, şirkət qrupu media
ilə əməkdaşlığın genişləndirilməsi, davamlı dialoqun qurulması və birgə layihələrin
həyata keçirilməsi istiqamətində mütəmadi olaraq müxtəlif formatlı tədbirlər təşkil
edir.