Birlikdə idmanla məşğul olmaq evlilik münasibətlərini möhkəmləndirməyə kömək edir.
Manset.az Axşam.az-a istinadən xəbər verir ki, bu qənaətə "Briqham Yanq Universitetinin alimləri gəlib. Tədqiqat zamanı təxminən 1,7 min gənc evli cütlüyün məlumatları araşdırılıb.
Alimlər fərdi məşqlərlə həyat yoldaşlarının birlikdə etdiyi fiziki aktivliyin münasibətlərə təsirini müqayisə ediblər. Məlum olub ki, hər iki halda münasibətlər daha sağlam olur. Lakin birlikdə idman edən cütlüklərdə ünsiyyətin daha yaxşı olduğu, münaqişələri daha sakit həll etdikləri və evlilikdə stress səviyyəsinin daha aşağı olduğu müşahidə edilib.
Xüsusilə gəzinti və yürüşlərin münasibətlərə müsbət təsir göstərdiyi müəyyənləşib. Tədqiqatçıların fikrincə, bunun səbəbi gəzinti zamanı tərəfdaşların bir-biri ilə söhbət etmək üçün daha çox imkan əldə etməsidir. Araşdırma iştirakçıları arasında ən geniş yayılmış birgə fiziki aktivlik növü də məhz gəzinti olub.
Professor Ceremi Yorgensonun sözlərinə görə, birlikdə məşq etmək cütlüklərə münaqişələri dinc şəkildə həll etməyə az da olsa, nəzərəçarpacaq dərəcədə kömək edir. Cütlüklər həmçinin bir-birlərini daha yaxşı dinlədiklərini və həyat yoldaşlarından daha çox dəstək hiss etdiklərini bildiriblər.
Bununla belə, alimlər birgə məşqləri münasibətlərdəki problemlərin universal həlli hesab etmirlər. Xüsusilə övlad böyüdən cütlüklər üçün birlikdə idmana vaxt ayırmaq çətin ola bilər.
Araşdırmaçılar hesab edirlər ki, müntəzəm fiziki aktivlik həyat yoldaşlarının birlikdə daha çox vaxt keçirməsinə və bir-biri ilə ünsiyyəti qorumasına kömək edən vasitələrdən biri ola bilər.