logo
logo logo
logo

“Bu zavallılar qəbul etməliydilər ki...” – Deputatdan SƏRT reaksiya 

14:25 - 16 Sentyabr 2026

“Bu zavallılar qəbul etməliydilər ki...” – Deputatdan SƏRT reaksiya 

“Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinə Ermənistan cəmiyyətində və revanşist dairələrdə göstərilən aqressiv, isterik, düşmənçilik ruhunda olan reaksiya sadə həqiqəti bir daha ortaya qoydu: Ermənistanın siyasi xisləti dəyişməyib”.


Manset.az xəbər verir ki, bu sözləri deputat Azay Quliyev deyib.

Milli Məclisin üzvü bildirib ki, bu, sadəcə ayrı-ayrı şəxslərin emosional reaksiyası deyil: “Bu, illərdir formalaşdırılan siyasi düşüncənin, tarixi saxtalaşdırma siyasətinin, Azərbaycanofob təbliğatın növbəti təzahürüdür. Bir müddət əvvəl sülhdən danışan, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edən Ermənistan siyasi elitasının və cəmiyyətinin müəyyən dairələri indi Azərbaycanın suveren ərazisinə xarici diplomatların səfərindən narahat olurlar. Bu zavallılar çoxdan qəbul etməliydilər ki, Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir. Azərbaycan 2020 və 2023-cü ildə öz ərazi bütövlüyünü və suverenliyini güc və siyasi yolla tam bərpa edib”.

A.Quliyev xatırladıb ki, bu gün Qarabağda hansı proseslərin həyata keçirilməsi, kimlərin ora dəvət edilməsi Azərbaycan dövlətinin müstəsna suveren hüququdur:

“Ermənilər bizə dil uzatmasınlar, çünki bunun nə ilə bitəcəyini yaxşı bilirlər. Əgər onlar xarici diplomatların Qarabağa etdikləri səfərə etiraz edirlərsə, demək ki, hələ də Qarabağı Azərbaycan ərazisi kimi qəbul etmirlər. Mən qəsdən revanşistlər və ya radikallar sözünü işlətmədim, çünki etiraz edənlər təkcə bu qruplar deyil, bütövlükdə hakimiyyətin də iştirak etdiyi erməni cəmiyyətidir. Ona görə də Azərbaycana hələ də düşmən mövqe sərgiləyənləri revanşist adlandırıb onları marginallaşdırmayaq, bu düşmənçilik erməni cəmiyyətinin və hakimiyyətini daxilindədir, təbiətindədir. Bu baxımdan Ermənistan parlamentinin spikeri Ruben Rubinyanın Azərbaycanın suveren ərazisində keçirilən diplomatik səfərlə bağlı açıqlaması da ən azı gülməli və qeyri-ciddi səslənir. Paşinyan hakimiyyətinin ikinci şəxsi tərəfindən belə bədnam və sərsəm bəyanatın səsləndirilməsi, heç şübhəsiz, təsadüfi sayıla bilməz və Ermənistan hakimiyyətinin sülh maskasının ifşasından xəbər verir”.

Deputat zəruri mesajını bu şəkildə ifadə edib: “Ümumiyyətlə, heç kim Paşinyanın sülh bəyanatlarına inanmasın, o bunları könüllü və ya istəyərəkdən etmir. Buna onu məcbur edən tək qüvvə “Dəmir Yumruq” və şanlı ordumuzdur. Hələ Paşinyanın müharibədən əvvəl Azərbaycana necə meydan oxuduğunu, “Qarabağ Ermənistandır” kimi sərsəm bəyanatlar verdiyini demirəm. Əgər Ermənistan rəhbərliyi sülh, normallaşma və regional təhlükəsizlikdə ürəkdən maraqlıdırsa, niyə onlar dolayısı ilə Azərbaycanın ərazisində diplomatik səfərə qarşı kampaniya aparır, Gəncəsər və Xudavəng kimi qədim Alban abidələrini erməni irsi kimi təqdim etməyə və tarixi öz çirkin siyasi məqsədlərinə uyğunlaşdırmağa cəhd edirlər? Erməni siyasi düşüncəsinin ən təhlükəli cəhətlərindən biri də məhz budur: özünün olmadığı yerlərdə “tarix yaratmaq”, olduğu yerlərdə isə başqalarının tarixini inkar etmək. Ən böyük ziddiyyət isə Qərbi Azərbaycan məsələsində ortaya çıxır. Azərbaycan xalqının indiki Ermənistan ərazisində əsrlər boyu yaşaması, yaşayış məntəqələri yaratması, məscidlər, qəbiristanlıqlar, körpülər, karvansaralar və digər mədəni abidələr inşa etməsi tarixin danılmaz faktlarıdır. Lakin bu irsin demək olar ki, hamısı müxtəlif dövrlərdə dağıdılıb, dəyişdirilib və ya məqsədli şəkildə görünməz hala salınıb. Lakin erməni siyasi elitası və toplumu bu həqiqəti danmaqda davam edir”.

A.Quliyev yekunda bunları söyləyib: “Digər tərəfdən, Ermənistan rəhbərliyi əgər düşmənçilik səhifəsinin birdəfəlik qapadılmasını və sülhün qalıcı olmasını istəyirsə niyə indiyədək bir dəfə də olsun Avropa Şurası Parlament Assambleyasının, Avropa Parlamentinin və bu kimi riyakar, ikiüzlü və korrupsiya bataqlığına yuvarlanan qurumların iki ölkə arasında etnik qarşıdurmanı körükləyən, Azərbaycanda kökünü kəsdiyimiz erməni separatizmini dəstəkləyən, ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə qarşı çıxan və bütövlükdə Cənubi Qafqazda kövrək sülhə və təhlükəsizliyə zərbə vuran çoxsaylı bəyanat və qətnamələrinə münasibət bildirərək deməyib ki: “Bəsdir, yetər! Artıq Azərbaycanla sülh əldə etmişik və sizin bu müdaxiləniz həmin sülhə təhlükədir! Sual olunur - niyə? Çünki Ermənistan rəhbərliyi dolayısı ilə bu kampaniyanı dəstəkləyir və onun davam etməsində maraqlıdır. Çünki düşünür ki, zaman gələ bilər və Azərbaycana qarşı qəbul edilmiş bu sənədlərdən praktik olaraq istifadə etmək mümkün olar. Ona görə də Ermənistan hər il hərbi xərclərini azaltmaq əvəzinə artırır, yeni silahlar alır. Təbii ki, bu silahların nə İrana, nə Rusiyaya, nə Türkiyəyə, nə də Gürcüstana qarşı istifadə olunmayacağı hamıya aydındır. Onların hədəfində yenə də Azərbaycan olacaq. Ona görə də sülhlə bağlı erməni yalanlarına və şirin bəyanatlara qətiyyən inanmaq olmaz. Çünki erməni xisləti, erməni riyakarlığı və erməni namərdliyi heç vaxt dəyişməyib və dəyişməyəcək də. Biz hər zaman olduğu kimi, bundan sonra da ayıq-sayıq olmalıyıq. Əsrlər boyu xalqımızın başına gətirilən faciələri unutmamalıyıq. XX əsrin əvvəlində yaşadığımız faciələri unutduğumuz üçün əsrin sonlarında eyni faciəni yenidən yaşamalı olduq. Tarix isə ondan dərs almayanları bağışlamır”.

E.Paşasoy,
Musavat.com


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az