Ukraynanın paytaxtı Kiyevdə baş verən dron hücumu zamanı azərbaycanlı həlak olub.
Manset.az xəbər verir ki, həlak olan şəxs 1951-ci il oktyabrın 13-də Lənkəran rayonunun Gərmətük qəsəbəsində anadan olan Əkbərov Aşur Bəhlul oğludur.
75 yaşlı Aşur Əkbərov 30 ildən artıqdır Kiyevdə yaşayırdı. O, Ukrayna vətəndaşı olub və Kiyevin Vişnevka rayonunda məskunlaşıb.
Məlumata görə, sentyabrın 27-də səhər saatlarında şəxsi avtomobili ilə işə gedərkən yolda Rusiya ordusunun dron hücumuna məruz qalıb. Nəticədə Aşur Əkbərov hadisə yerində həyatını itirib.
Aşur Əkbərovun oktyabrın 13-də 75 yaşı tamam olacaqdı. Onun nəşinin Azərbaycana gətirilməsi üçün hazırda zəruri sənədləşmə işləri aparılır.
Əvvəlcə nəşin oktyabrın 1-2-də Azərbaycana gətiriləcəyi bildirilsə də, Kiyevdə yaşayan böyük oğlu Natiq Əkbərovun sözlərinə görə, sənədləşmə işləri tam başa çatdıqdan sonra atasının nəşi əvvəlcə Bakıya, daha sonra isə doğulduğu Lənkərana gətiriləcək.