logo
logo logo
logo

Yenilənmiş "Texniki Mexanika" dərsliyi çap olundu

13:14 - 29 Sentyabr 2026

Yenilənmiş \"Texniki Mexanika\" dərsliyi çap olundu

Müasir dövrdə mühəndislik elmi daha sürətlə inkişaf edir, yeni elmi nailiyyətlər, yeni nəzəriyyə və baxışlar bir-birini əvəz edir.

Bu səbəbdən də müasir mühəndislik təhsilində fundamental fənlərin dərindən mənimsənilməsi və nəzəri biliklərin təcrübə ilə inteqrasiyası xüsusi əhəmiyyət kəsb edir. Müasir dünya mühəndislik eliminin inkişafına  uyğun olaraq bu istiqamətdə təhsil alan tələbələrin, ən son elmi yenilikləri özündə ehtiva edən dərs vəasitinə ehtiyacının nə dərəcədə zəruri və vacib olduğunu başa düşmək çətin deyil. Bu baxımdan, görkəmli alimlərimiz-akademik A.Paşayevin və akademik Ə. Canəhmədovun, professor Ə.Səmədovun, akademik M. Cavadovun, dosent N. Pənahovanın həmmüəllifliyi ilə ərsəyə gələn "Texniki mexanika" dərsliyinin yenilənmiş ikinci nəşrinin işıq üzü görməsi ali texniki təhsil sistemimiz üçün mühüm və əlamətdar hadisədir.

Zəngin təcrübə və yenilənmiş konsepsiya

Dərsliyin ilk nəşri 2014-cü ildə Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş "Tətbiqi mexanika" adı ilə işıq üzü görüb. 615 səhifədən ibarət yeni kitab həmin nəşrin əsasında hazırlanıb. Azərbaycan Milli Aviasiya Akademiyasında tədris olunan fənn proqramları, texniki mexanika sahəsində baş verən yeniliklər, eləcə də Azərbaycan Elm və Təhsil Nazirliyinin müasir tədris planları əsasında yenidən işlənmiş bu dərsliyin aktuallığı zənginləşdirilmiş məzmunu ilə daha da artmışdır. Nəşr ali məktəblərin mühəndis-mexanik və qeyri-maşınqayırma ixtisaslarında bakalavr pilləsində təhsil alan tələbələr, eləcə də bu fənni müstəqil öyrənmək istəyənlər üçün nəzərdə tutulmuşdur.

Müəlliflərin uzun illərə dayanan pedaqoji, elmi və mühəndislik təcrübəsi tələbələrin mövzuları daha dərin dərk etməsinə imkan yaradır. Tədris materialının rahat mənimsənilməsi məqsədilə yeni nəşrə çoxlu sayda nümunəvi məsələlərin həlli də daxil edilmişdir.

Dərsliyin  bölmələri

Dərslik “Texniki mexanika” kursunun nümunəvi proqramına və dövlət standartlarına tam cavab verən 4 əsas böyük bölməni əhatə edir:

1.     Nəzəri mexanika: Bölmədə statika, kinematika və dinamikanın əsas anlayışları, aksiomları, teoremləri və qanunları sistemli şəkildə şərh olunur.

2.     Maşın və mexanizmlər nəzəriyyəsi: Bölmədə mexanizmlərin strukturu, kinematik və dinamik təhlili, hərəkət tənlikləri və təsir edən qüvvələrin araşdırılması əksini tapır.

3.     Materiallar müqavimətinin əsasları: Bölmədə yük altında cismin deformasiya tipləri və müxtəlif yüklənmələr zamanı konstruksiya elementlərinin möhkəmlik dəyərləndirilməsi üsulları öyrənilir.

4.     Maşın detalları və konstruksiyaetmənin əsasları: Bu bölmədə isə maşınqayırmada tətbiq olunan mexanizmlərin düyün və detallarının hesablanması, eləcə də layihələndirilməsinin nəzəri əsasları təqdim edilir.

Gələcək mühəndislərə qazandırılan səriştələr

Dərslik tələbələrə təkcə nəzəri formulları öyrətməklə kifayətlənmir, həm də onlarda praktiki layihələndirmə və təhlil bacarıqlarını formalaşdırır. Bu dərsliyi mənimsəyən bakalavrlar:

  • Mexaniki sistemləri layihələndirmək, alternativ həll yolları tapmaq və konstruksiya sənədlərini müstəqil tərtib etmək;
  • Real möhkəmlik göstəricilərini dəyərləndirməklə doğru hesablama sxemlərini və müvafiq materialları seçmək;
  • Ötürücü mexanizmlərin düyünlərini etibarlılıq, səmərəlilik və standartlaşdırma tələblərinə uyğun işləyib hazırlamaq kimi mühüm peşəkar vərdişlərə yiyələnirlər.

          Azərbaycan elminin görkəmli nümayəndələri akademik A. Paşayevin və akademik Ə. Canəhmədovun, eləcə də  digər həmmüəlliflərin - professor Ə. Səmədovun, akademik M. Cavadovun, dosent N. Pənahovanın təqdim etdiyi bu fundamental "Texniki mexanika" dərsliyi milli mühəndislik məktəbinin inkişafına, yüksək ixtisaslı kadrların hazırlanmasına böyük töhfədir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az