Pakistanın Lahor şəhərində 20 yaşlı azərbaycanlı qızın 3 nəfər tərəfindən zorlandığı iddia edilir.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə sentyabrın 25-də baş verib.
Məlumata görə, iş məqsədilə Pakistanda olan Bakı sakini bu haqda polisə şikayət edib. O, tanımadığı iki qadın tərəfindən yerli restoranlardan birinə nahara dəvət edildiyini, daha sonra isə onlara üç kişinin qoşulduğunu bildirib. Qadının sözlərinə görə, şübhəli şəxslər onu nahara aparan qadınların dostları olub və restorana çatanda onları artıq orada gözləyirmişlər.
Xanım iddia edib ki, gedərkən kişilər onu və digər iki qadını öz maşınları ilə aparmağı təklif ediblər, lakin əvəzində onu naməlum bir mənzilə aparıblar. İddiasına əsasən, burada ona narkotik maddə verilib, daha sonra isə bir neçə saat ərzində ona qarşı zorakılıq hərəkətləri olub. Hadisədən sonra qadın Lahorun Qazi ərazisindəki avtomobil qovşağında tərk edilib. O, hadisəni törədən şəxslərin onun mobil telefonunu və digər qiymətli əşyalarını götürdüklərini deyib.
Polis üç şübhəli şəxsə qarşı cinayət işi açıb və onları Müvəqqəti Milli İdentifikasiya Siyahısına daxil edib. Bu siyahıya daxil edilmə şəxslərin ölkəni tərk etməsinin qarşısını almaq üçün 30 günlük səyahət məhdudiyyətini nəzərdə tutur.
Artıq həmin şəxslərdən birinin saxlanıldığı bildirilir.
“Biz əsas ittiham olunan şəxs olan Mohsini həbs etmişik. Tibbi hesabata əsasən cinsi əməlin törədildiyi müəyyən edilib. Pəncab Məhkəmə Ekspertizası Agentliyinin hesabatını aldıqdan sonra qrup halında zorlama faktı müəyyən edilə bilər”, - polis araşdırması üzrə baş müfəttişin müavini Seyid Zişan Raza bildirib.