Unibank və Niderlandın sahibkarlığın inkişafı bankı FMO əməkdaşlıqlarında yeni mərhələnin başladığını və ümumi məbləği 50 milyon ABŞ dolları, müddəti isə 4 il olan strateji müddətli maliyyələşdirmə sazişinin imzalandığını elan ediblər.
Manset.az xəbər verir ki, Cəlb olunan
maliyyələşdirmənin əsas məqsədi mikromüəssisələrin, eləcə də kiçik və orta
sahibkarlıq subyektlərinin kreditləşdirilməsinin genişləndirilməsi və
dəstəklənməsidir. Maliyyələşdirmə çərçivəsində xüsusilə gənc
sahibkarlar və qadın
sahibkarlara, qadınların rəhbərlik etdiyi bizneslərə, həmçinin kənd təsərrüfatı
sektorunda fəaliyyət göstərən KOB-lara xüsusi diqqət yetiriləcək.
Əməkdaşlığın
bərpası iqtisadi artımın stimullaşdırılmasına, dayanıqlı kənd təsərrüfatının
inkişafına, eləcə də biznesin əsas seqmentləri, qadınların rəhbərlik etdiyi
müəssisələr və gənc sahibkarlar üçün maliyyə resurslarına çıxış imkanlarının
genişləndirilməsinə xidmət edir.
Əməkdaşlığın
yenilənməsini və imzalanmış sazişi şərh edən “Unibank”ın İdarə
Heyətinin sədri Valentin Morozov bildirib:
“Uzunmüddətli
və etibarlı tərəfdaşımız FMO ilə əməkdaşlığımızı bərpa etməkdən məmnunuq. 50
milyon ABŞ dolları məbləğində dördillik sazişin imzalanması bankımızın
inkişafında mühüm mərhələdir. Cəlb olunan vəsait ölkə iqtisadiyyatında mühüm
rol oynayan mikro-biznes və kənd təsərrüfatı sektorlarına dəstəyimizin
miqyasını əhəmiyyətli dərəcədə genişləndirməyə imkan verəcək. Əminik ki,
tərəfdaşlığımız sahibkarlar üçün yeni imkanlar yaradacaq və ölkədə özəl
biznesin dayanıqlı iqtisadi inkişafına töhfə verəcək.”
FMO-nun
İnvestisiyalar üzrə həmsədri Juan-Jose Dada bildirib:
“Unibank ilə tərəfdaşlığımızın yenilənməsi
Azərbaycanda sahibkarların və bizneslərin maliyyələşməyə çıxış imkanlarının
genişləndirilməsinə kömək edəcək. Buraya xüsusilə mikromüəssisələr, KOB-lar,
qadınların rəhbərlik etdiyi bizneslər, gənc sahibkarlar və kənd təsərrüfatı
sektorunda fəaliyyət göstərən şirkətlər daxildir. 50 milyon ABŞ dolları
məbləğində bu maliyyələşdirmə vasitəsilə daha inklüziv və dayanıqlı özəl
sektorun inkişafını dəstəkləməyi və Azərbaycanın uzunmüddətli iqtisadi
inkişafına töhfə verməyi hədəfləyirik.”
Unibank haqqında
Unibank Azərbaycanın aparıcı özəl banklarından olmaqla, ölkənin sistem
əhəmiyyətli maliyyə institutlarından biridir. 1992-ci ildə fəaliyyətə başlayan
bank pərakəndə, korporativ və investisiya bankçılığı sahələrində geniş
xidmətlər təqdim edir. Unibank Azərbaycanda rəqəmsal innovasiyaların
öncüllərindən biri olub və 2021-ci ildə ölkənin ilk tam mobil bank əlavəsi olan
Leobank-ı istifadəyə verib. Bank haqqında daha ətraflı: https://unibank.az/az
FMO haqqında
FMO Niderlandın sahibkarlığın inkişafı bankıdır. Aparıcı təsir investoru
kimi FMO inkişaf etməkdə olan ölkələrdə və inkişaf edən bazarlarda iddialı
layihələrə və sahibkarlara sərmayə yatıraraq özəl sektorun dayanıqlı inkişafını
dəstəkləyir. FMO güclü özəl sektorun iqtisadi və sosial inkişafa töhfə
verdiyinə inanır və 55 ildən artıqdır ki, sahibkarları dəstəkləməklə yerli
iqtisadiyyatların daha inklüziv, məhsuldar, dayanıqlı və davamlı olmasına töhfə
verir.
FMO inkişaf baxımından yüksək təsir potensialına malik üç əsas sektora
fokuslanır: aqrobiznes, qida və meşə təsərrüfatı; enerji; maliyyə institutları.
85-dən çox ölkəni əhatə edən və ümumi həcmi təxminən 16 milyard avro olan
öhdəliklər portfeli ilə FMO qlobal miqyasda özəl sektorun inkişafını
maliyyələşdirən ən iri ikitərəfli inkişaf banklarından biridir.
Ətraflı
məlumat: www.fmo.nl