İngiltərədə ABŞ ordusunun istifadə etdiyi RAF Fairford aviabazasının yaxınlığında partlayıcı təhlükəsi ilə bağlı həyəcan elan edilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Qlosterşir qraflığının Uelford kəndində ehtiyat tədbiri olaraq 85 ev boşaldılıb, 5 şübhəli şəxs saxlanılıb. Araşdırma çərçivəsində saxlanılan şəxslərin İranla mümkün əlaqələrinin olub-olmadığı da araşdırılır.
Şübhəli nəqliyyat vasitələrinin ətrafında 400 metrlik təhlükəsizlik zonası yaradılıb. Britaniya ordusunun partlayıcı maddələrin zərərsizləşdirilməsi üzrə mütəxəssisləri nəqliyyat vasitələrində araşdırma apararkən Milli Səhiyyə Xidmətinin (NHS) Təhlükəli Əraziyə Müdaxilə Qrupu da əraziyə göndərilib.
Aviabazanın təhlükə səviyyəsi ən yüksək dərəcə olan «Delta» səviyyəsinə yüksəldilib. Girişlərdə ağır tonnajlı nəqliyyat vasitələri və xüsusi texnika yerləşdirilib, ətraf ərazidə genişmiqyaslı təhlükəsizlik tədbirləri görülüb.