Rusiya gecə və səhər saatlarında Ukraynanın müxtəlif bölgələrinə hücumlar həyata keçirib.
Manset.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
Onun sözlərinə görə, Xarkovda yaşayış binasına ağır zərbə endirilib. Hücum nəticəsində çoxmərtəbəli binanın ikinci və dördüncü mərtəbələri qismən dağılıb.
Kiyev şəhəri də dron hücumlarına məruz qalıb. Paytaxtda yaşayış binalarına, rabitə infrastrukturuna və yanacaqdoldurma məntəqələrinə ziyan dəyib. Həmçinin adi bir kafe dağıdılıb, ərzaq bazarını yandırmaq cəhdi olub. Odessa vilayətində Palau bayrağı altında üzən gəmi vurulub. Jitomir vilayətində dondurma istehsalı müəssisəsinə ziyan dəyib.
Sumı, Rivne, Xarkov və Odessa vilayətlərində yaşayış binalarının, Vinnitsa, Dnepropetrovsk, Xmelnitski və Zaporojye vilayətlərində isə kritik infrastruktur obyektlərinin hücuma məruz qaldığı bildirilib. Zelenski qeyd edib ki, zərərçəkənlərin olduğu bütün ərazilərdə fövqəladə hallar xidmətlərinin əməkdaşları fəaliyyət göstərir.
Hazırda onlarla insanın yaralandığı bildirilir. Yalnız Xarkova endirilən zərbə nəticəsində 28 nəfər, o cümlədən 9 uşaq yaralanıb. Hücumlar nəticəsində ölənlərin də olduğu açıqlanıb. Kiyev vilayətində iki nəfər həlak olub. Onlardan birinin Azərbaycan vətəndaşı olduğu bildirilib.
“Onların ailələrinə və yaxınlarına başsağlığı verirəm”, - Zelenski deyib.
Ukrayna Prezidenti ölkədə baş verənlərə səssiz qalmayan və Ukraynaya konkret dəstək paketləri hazırlayan hər kəsə təşəkkür edib. Zelenskinin sözlərinə görə, Ukraynanın hazırda hava hücumundan müdafiə sistemlərinə, enerji dəstəyinə və büdcə kəsirlərinin maliyyələşdirilməsinə yardıma ehtiyacı var.
“Bunlar bu gün Ukraynanı həqiqətən gücləndirən və xalqımıza bu çətinliklərə tab gətirməyə kömək edən məsələlərdir”, - deyə o vurğulayıb.