logo
logo logo
logo

Rəqəmsal səyyahlara Azərbaycanda üç ilədək yaşamaq icazəsi veriləcək 

12:12 - 30 Sentyabr 2026

Rəqəmsal səyyahlara Azərbaycanda üç ilədək yaşamaq icazəsi veriləcək 

Azərbaycanda distant işləyən və gəlirini xaricdən əldə edən əcnəbilər üçün işgüzar səfər vizası və yaşamaq icazəsi ilə bağlı yeni qaydalar təklif olunur.


Manset.az xəbər verir ki, bununla bağlı qanun layihəsi Milli Məclisin bu gün keçirilən payız sessiyasının ilk plenar iclasında müzakirə edilib.

Layihədə “rəqəmsal səyyah” anlayışı rəqəmsal texnologiyalar, süni intellekt, kibertəhlükəsizlik və innovasiya sahəsində distant çalışan, gəlirini xarici mənbələrdən əldə edən əcnəbi və ya vətəndaşlığı olmayan şəxs kimi müəyyən edilir.

Dəyişikliyə əsasən, rəqəmsal səyyaha işgüzar səfər vizası verilərkən dəvət edən tərəfin vəsatəti və dəvətin səbəbini təsdiqləyən sənəd tələb olunmayacaq. Müraciət edən şəxs isə fəaliyyətini və son altı ay ərzində xarici mənbələrdən əldə etdiyi orta aylıq sabit gəlirin minimum aylıq əməkhaqqının azı 13 misli olduğunu təsdiqləyən, apostil edilmiş və ya leqallaşdırılmış sənədlərin surətini təqdim etməlidir.

Eyni gəlir tələbi müvəqqəti yaşamaq icazəsi üçün də nəzərdə tutulur. Belə icazə müraciətdə göstərilən müddətə, lakin ən çoxu üç il üçün verilə və müvafiq əsas olduqda hər dəfə üç ilədək uzadıla bilər.

Rəqəmsal səyyahın daimi yaşamaq icazəsi üçün müraciətində isə son altı ay üzrə xarici mənbələrdən orta aylıq sabit gəliri minimum aylıq əməkhaqqının azı 26 misli olmalıdır. Layihəyə görə, daimi yaşamaq icazəsi üçün müraciət edən rəqəmsal səyyahların hüquq və vəzifələr, eləcə də dövlət dili üzrə bilikləri yoxlanılmayacaq.

Müvəqqəti və ya daimi yaşamaq icazəsinin verilməsi üçün rəqəmsal səyyahın vergi orqanında qeydiyyata alınaraq texnologiyalar parkının rezidenti kimi müvafiq fəaliyyəti həyata keçirməsi də nəzərdə tutulur.

“Sosial sığorta haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, rəqəmsal səyyahlar məcburi dövlət sosial sığortası ilə əhatə olunacaq.

Qanun qəbul edilərsə, 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Məsələ səsə qoyularaq birinci oxunuşda qəbul edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az