"Əvvəlki təcrübələr də göstərir ki, vahid məktəbli forması məktəbdə sağlam pedaqoji mühitin formalaşmasında mühüm rol oynayır".
Bu fikirləri Manset.az-a açıqlamasında Azərbaycanda Atatürk Mərkəzinin direktoru, BDU-nun Ümumi dilçilik kafedrasının müdiri, sabiq deputat Nizami Cəfərov bildirib. Onun sözlərinə görə, bu məsələnin, əsasən, iki mühüm tərəfini qeyd etmək olar:
"Birinci məqam təhsil müəssisələrində dünyəvi prinsiplərin qorunması və şagirdlər arasında vahid məktəb mühitinin formalaşdırılması ilə bağlıdır. Məktəb istənilən dövlətdə dünyəvi xarakter daşıyır və təhsil ocağına qızların hicabla gəlməsi sağlam mühitə mənfi təsir göstərir. Eyni zamanda bu, baş örtüyü istifadə etməyən qızlara da təsirsiz ötüşmür. Hicab geyinən şagirdlərin özlərində də müəyyən daxili ziddiyyət yarana bilər. Çünki bəzən onlar hicabı ailə üzvlərinin təkidi ilə və ya ailədə formalaşmış davranışları təqlid edərək geyinirlər. Bu situasiya hicab taxan və taxmayan qızlar üçün də diskomfortdur. Ona görə də dini nöqteyi-nəzərdən bu fərqlilik aradan qaldırılır".
N.Cəfərov vurğulayıb ki, sözügedən məsələnin sosial tərəfini də diqqətə çatdırmaq lazımdır:
"Hazırda şübhəsiz ki, Azərbaycanda əhali varlı, orta və kasıb təbəqəyə bölünür. Əslində dünyada belədir. Bir ailə öz övladını bahalı, geyindirib, məktəbə göndərəcək, digərinin buna imkanı çatmayacaq. Bu da hər iki - həm varlı, həm də kasıb ailədən olan uşaq üçün münasibətlərdə uyuşmazlıq, fərqlilik yaradacaq. Ona görə də məktəbdə bu kimi analoji halların qarşısı alınmalıdır. Uşaqların özlərini bərabər, eyni ölkənin vətəndaşı, təxminən eyni xarakterdə olan cəmiyyətin üzvləri hesab etmələri üçün çalışmaq lazımdır. Təbii ki, yaşa dolduqca bu fərqliliklər onlar tərəfindən də görüləcək və anlaşılacaq. Şəxsiyyət kimi formalaşmış hər hansı fərdin istənilən ziddiyyəti anlaması asandır. Amma 3, 4, və ya 5-ci sinifdə oxuyan şagirdin bunu dərk etməsi çox çətindir və onun xarakterinə də mənfi təsir göstərəcək. İndiki zamanda hicab taxmayan insan da keçirilən hər hansı dini mərasim, məscidə gedərkən, yaxud Şərq ölkələrində turist kimi dini ibadət yerlərini ziyarət edərkən örtükdən istifadə edir və bu, qəbahət sayılmır. Amma hicabla məktəbə gedən, parklarda velosiped sürən, top oynayan uşaqları görmək təəccüb doğurur. Odur ki, məktəb şagirdləri şüuru, düşüncəsi və hissiyyatları zədələnmiş şəkildə deyil, sağlam dünyagörüşünə malik şəxsiyyətlər kimi cəmiyyətə hazırlamalıdır".