Azərbaycanda həmkarlar ittifaqlarının yaradılmasının 121-ci ildönümü ilə əlaqədar
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən tədbir
keçirilib.
Manset.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu
Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin
bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Sonra həmkarlar ittifaqlarının yaranma və inkişaf tarixindən bəhs edən
film nümayiş etdirilib, bir sıra ölkələrin həmkarlar ittifaqlarının təbrikləri
səsləndirilib.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov
çıxış edərək 121 il əvvəl konka fəhlələri tərəfindən əsası qoyulan Azərbaycan həmkarlar
ittifaqlarının ötən dövr ərzindəki fəaliyyətindən və əmək hüquqlarının müdafiəsində
rolundan söz açıb, təşkilatın nüfuzunun artmasında Ulu Öndər Heydər Əliyevin
göstərdiyi dəstəyi diqqətə çatdırıb.
Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
rəhbərliyi ilə ölkəmizdə ictimai institutların inkişafına yaradılan əlverişli
mühit həmkarlar ittifaqlarının səmərəli fəaliyyəti üçün geniş imkanlar açır. Birinci
vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan
çoxsaylı layihələr ölkəmizin ictimai təşkilatları üçün əsl örnəkdir.
Qeyd olunub ki, Konfederasiyanın fəaliyyətində səmərəliliyin daha da
artırılması üçün son illər ardıcıl islahatlar aparılır. Normativ hüquqi baza
yenilənib, idarəetmə və təşkilati struktur müasir tələblərə uyğun təkmilləşdirilib,
həmkarlar ittifaqları üzvlərinə hüquqi yardımın təşkili üçün yeni mexanizmlər tətbiq
olunur, rəqəmsallaşma genişləndirilir, sosial layihələr həyata keçirilir.
“Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt
Strategiyası”ndan irəli gələn vəzifələrdən danışan Sahib Məmmədov “yaşıl
iqtisadiyyat”a keçid və rəqəmsallaşmanın məşğulluğa təsirləri fonunda üzvlərin
yeni bacarıqlara yiyələnməsi istiqamətində Konfederasiya tərəfindən səlahiyyətləri
çərçivəsində görülən işlər barədə də məlumat verib.
Xalq yazıçısı Çingiz Abdullayev isə çıxışında Azərbaycan həmkarlar hərəkatının
cəmiyyətin həyatında mövqeyinə və insanların əməyinə verdiyi dəyərə diqqət çəkib.
Milli Məclisin deputatı Kamal Cəfərov və İslam Əməkdaşlıq Təşkilatının Əmək
Mərkəzinin baş direktoru Azər Bayramov çıxışlarında həmkarlar ittifaqlarının
ölkəmizdə əmək mədəniyyətinin formalaşmasına verdiyi töhfələri və əmək münasibətlərində
tərəflərin maraqlarının uzlaşdırılmasındakı xidmətlərini qeyd ediblər.
“Azərbaycan Dəmir Yolları” QSC-nin əməkdaşı, fəxri dəmiryolçu Abdulla
İsmayılzadə çalışdığı sahədə həmkarlar ittifaqlarının rolundan, AHİK-in gənc əməkdaşı,
Pan-Avropa Regional Şurasının Gənclər komitəsinin vitse-prezidenti Ülviyyə Rəsulzadə
isə həmkarlar ittifaqları sistemində gənclərin peşəkar inkişafı üçün yaradılan
imkanlardan danışıblar.
Tədbir bədii hissə ilə davam edib.