“AzerGold” QSC 14–16 oktyabr
2026-cı il tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən 6-cı Azərbaycan Beynəlxalq
“Qarabağın Bərpası, Yenidənqurulması və İnkişafı” – “Rebuild Garabagh” sərgisində
xüsusi stendlə təmsil olunub.
Manset.az xəbər verir ki, stenddə Cəmiyyətin 10 illik inkişaf
yolu, əsas nailiyyətləri, ölkə iqtisadiyyatına verdiyi töhfələr və gələcək
inkişaf istiqamətləri təqdim edilib. Həmçinin, işğaldan azad edilmiş Qarabağ və
Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan geoloji kəşfiyyat işləri, ərazilərin
mineral-xammal potensialının öyrənilməsi və hasilat zonalarında həyata keçirilən
sosial layihələr barədə məlumat verilib.
Sərgi çərçivəsində ziyarətçilərə
ilk dəfə virtual reallıq (VR) texnologiyası vasitəsilə Daşkəsən rayonunda yerləşən
Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinə (ÇİRES) virtual səyahət imkanı
yaradılıb. İştirakçılar mədən işlərindən qızıl-gümüş xəlitəsinin əldə edilməsinədək
istehsal prosesinin əsas mərhələləri ilə tanış olublar. Yekun mərhələdə ərsəyə
gətirilmiş sənaye məhsulu - qızıl-gümüş xəlitəsi də stenddə əyani şəkildə
nümayiş etdirilib.
Stenddə “AzerGold” QSC-nin satış
portfelinə daxil olan qızıl və gümüş məhsulları, eləcə də Azərbaycanın tarixi və
mədəni irsini əks etdirən sikkə kolleksiyaları sərgilənib. Nümayiş olunan nümunələr
arasında Qarabağ kolleksiyasının yeni məhsulu – Kəlbəcərin tarixi və mədəni
irsinə həsr edilmiş qızıl və gümüş sikkələr xüsusi yer tutub. Kolleksiya sərgi
çərçivəsində ilk dəfə ictimaiyyətə təqdim olunub.
Bununla yanaşı, rəqəmsal və
audiovizual materiallar, interaktiv təqdimatlar, broşür və kataloqlar vasitəsilə
ziyarətçilərə Cəmiyyətin istehsal fəaliyyəti, strateji layihələri və məhsulları
barədə ətraflı məlumat çatdırılıb. Təqdimatlar “AzerGold” QSC-nin ölkənin dağ-mədən
sənayesinin inkişafındakı rolunu və mineral ehtiyatların iqtisadi dövriyyəyə cəlb
edilməsi istiqamətində həyata keçirdiyi fəaliyyəti əks etdirib.