"Dövlət Komitəsinə 2026-cı ilin 10 ayı ərzində məişət zorakılığı ilə bağlı 499 müraciət daxil olub. Bu müraciətlər üzrə 81 kişi, 395 qadın və 23 uşaq zorakılığın təsirinə məruz qalıb. 116-111 qadın və uşaq dəstək xəttinə daxil olan müraciətlərin 649-u məişət zorakılığı ilə bağlı olub".
Manset.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib. O bildirib ki, Baş Prokurorluğun məlumatına əsasən, 2026-cı ilin ilk 9 ayında məişət zorakılığı ilə əlaqəli cinayət hadisələri üzrə 931 qadın zərərçəkmiş kimi qeydə alınıb:
"Onlardan 906-sı xəsarət alıb, 23 qadın isə həyatını itirib. Bu göstəricilər yalnız statistika deyil. Hər bir müraciətin arxasında insan taleyi dayanır. Bu göstəricilər müdafiəyə ehtiyacı olan insanların, vaxtında müdaxilə edilmədikdə ağır nəticələrlə üzləşə biləcək ailələrin və uşaqların hələ də mövcud olduğunu bir daha xatırladır".