Qeyri-hökumət təşkilatının, həmçinin xarici qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinin fəaliyyətinin bir ilədək müddətə dayandırıla biləcəyi yeni hallar müəyyənləşib.
Manset.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.
Bu hallar sırasına aşağıdakılar əlavə edilir:
- Azərbaycan Respublikasında xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri ilə bağlanmış sazişin qüvvədə olma müddəti bitdikdə və bu müddətin uzadılması ilə bağlı müraciət daxil olduqda;
- qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri öz fəaliyyətinin şəffaflığını təmin etmədikdə;
- qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri korrupsiya hüquqpozmalarının, eləcə də cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması, o cümlədən hədəfli maliyyə sanksiyalarının tətbiqi məqsədi ilə onun üçün müvafiq qanunvericiliklə müəyyən edilmiş tədbirləri yerinə yetirmədikdə;
- ictimai birliyin icra orqanı, fondun prezidenti və ya idarə heyəti, eləcə də xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və nümayəndəliklərinin rəhbərlərinin səlahiyyət müddəti bitdikdən sonra üç ay ərzində hüquqi şəxslərin dövlət reyestrində qanunla müəyyən edilmiş qaydada dəyişiklik edilmədikdə.
Qeyd edək ki, qanuna təklif edilən dəyişikliyə əsasən belə hallarda qeyri-hökumət təşkilatının, habelə xarici qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinin fəaliyyəti məhkəmə qərarı ilə deyil, müvafiq icra hakimiyyəti orqanı tərəfindən bir ilədək müddətə dayandırıla biləcək.
Bundan başqa, layihədə ictimai birliklərin və fondların hansı növlər üzrə yaradıla bilməsi əks olunur, qeyri-hökumət təşkilatlarının fəaliyyətinin dayandırılması və ləğv edilməsi hallarının dəqiq təsbit edilməsi təklif olunub.
İctimai birliklər aşağıdakı növlərdən biri üzrə yaradıla bilər:
- peşə sahəsi üzrə ictimai birlik;
- sosial-humanitar sahə üzrə ictimai birlik;
- mədəniyyət və incəsənət sahəsi üzrə ictimai birlik;
- təhsil və elm sahəsi üzrə ictimai birlik;
- ekologiya sahəsi üzrə ictimai birlik;
- hüquq sahəsi üzrə ictimai birlik;
- iqtisadi sahə üzrə ictimai birlik;
- qanunla müəyyən edilmiş digər növlər.
- Fondlar aşağıdakı növlərdən biri üzrə yaradıla bilərlər:
- ictimai faydalı fond;
- xeyriyyə fondu;
- qanunla müəyyən edilmiş digər növlər.
Qeyri-hökumət təşkilatları daimi əsaslarla və ya konkret məqsədlərə nail olmaq üçün təsis oluna bilərlər.
Mülki Məcəlləyə təklif edilən dəyişiklik isə nizamnamə kapitalı ilə bağlı qoyulan tələb haqqındadır.
Belə ki, mövcud qanunvericiliyə görə, fond yaradılarkən onun nizamnamə kapitalı 10 min manatdan az olmamalıdır.
Layihədə isə təklif olunur ki, bu rəqəm 100 min manatdan az olmasın.
Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.