2026-cı ilin 27 noyabr tarixində Bakı Arbitraj Mərkəzinin, Beynəlxalq Vəkillər Assosiasiyasının (BVA) və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə “Beynəlxalq arbitrajda maraqlar toqquşmasına dair BVA təlimatları” mövzusunda seminar keçirilib.
Manset.az xəbər verir ki, seminar BVA-nın Azərbaycandakı ilk tədbiri olub. Seminar beynəlxalq arbitraj standartlarının təşviqinə, qabaqcıl hüquqi təcrübənin paylaşılmasına və milli hüquq ictimaiyyətinin beynəlxalq arbitraj icması ilə əməkdaşlığının genişləndirilməsinə yönəlib. Tədbir çərçivəsində Bakı Arbitraj Mərkəzinin qaydaları ilə BVA təlimatları birgə müzakirə edilib, praktiki məşğələ keçirilib və iştirakçıların sualları cavablandırılıb.
Tədbirin açılışında Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov çıxış edib. Sədr milli qanunvericiliyin beynəlxalq standartlarla uzlaşmasının vacibliyini vurğulamaqla yanaşı, həmin normaların praktikada düzgün tətbiqinin də xüsusi əhəmiyyət daşıdığını qeyd edib. Anar Bağırov hüquqi çərçivənin mövcudluğunun özlüyündə kifayət etmədiyini, onun tətbiqini təmin edən peşəkar mühitin, institusional imkanların və etik davranış mədəniyyətinin də formalaşmalı olduğunu bildirib.
Bu baxımdan, Anar Bağırov Bakı Arbitraj Mərkəzinin yaradılmasını ölkədə mübahisələrin alternativ həlli mexanizmlərinin inkişafı istiqamətində mühüm təşəbbüslərdən biri kimi qiymətləndirib. Qeyd edib ki, Mərkəzin fəaliyyəti yerli və xarici sahibkarlar üçün mübahisələrin alternativ qaydada həlli imkanlarının genişləndirilməsinə və Azərbaycanın beynəlxalq arbitraj məkanında mövqeyinin gücləndirilməsinə töhfə verir.
Daha sonra Bakı Arbitraj Mərkəzinin İdarə Heyətinin və Azərbaycan Arbitraj Assosiasiyasının sədri, Fransanın Paris-Créteil Universitetinin hüquq professoru və Paris Vəkillər Kollegiyasının üzvü Prof. Dr. Kəmalə Mehdiyeva açılış nitqi ilə çıxış edib. O, gənc arbitraj institutu olan Bakı Arbitraj Mərkəzinin fəaliyyətinin ilk illərindən beynəlxalq səviyyədə qəbul edilmiş ən yüksək peşəkar və etik standartları rəhbər tutmağı prioritet müəyyən etdiyini vurğulayıb. Həmçinin qeyd edib ki, Mərkəzin məqsədi yalnız arbitraj işlərini idarə edən institut kimi fəaliyyət göstərmək deyil, Azərbaycanda beynəlxalq standartlara cavab verən müasir, etibarlı və dayanıqlı arbitraj mədəniyyətinin formalaşmasına töhfə verməkdir.
Tədbirin davamında maraqlar toqquşması məsələsi dörd hüquq mütəxəssisinin iştirakı ilə müxtəlif hüquqi və praktiki prizmadan müzakirə olunub. Daxili hüquqşünasların perspektivindən NEQSOL Holding-in Korporativ hüquq və birləşmə və satınalmalar departamentinin rəhbəri Leyla Həsənova Şahingöz və AZCON Holding-in baş hüquq direktoru, Hüquq departamentinin direktoru Dr. Toğrul Quluzadə mövzuya dair fikirlərini bölüşüblər. Bakı Arbitraj Mərkəzinin İdarə Heyətinin üzvü, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Biznes hüququ komitəsinin sədri, “Apex Advisors” MMC-nin təsisçisi və direktoru Nazlı Əhmədova isə məsələyə fərqli hüquqi və praktiki perspektivdən yanaşaraq müzakirəyə töhfə verib. Prof. Dr. Kəmalə Mehdiyeva isə beynəlxalq arbitraj təcrübəsi, BVA təlimatları və Bakı Arbitraj Mərkəzinin qaydaları kontekstində maraqlar toqquşması məsələsinə toxunaraq beynəlxalq standartlarla institusional arbitraj qaydalarının əlaqəsi və tətbiqi məsələlərini izah edib.
Müzakirələrdə arbitrlərin müstəqilliyi və qərəzsizliyi, faktiki və potensial maraqlar toqquşmasının qiymətləndirilməsi, arbitrlərin açıqlama öhdəliyinin hüdudları, eləcə də BVA təlimatlarının beynəlxalq arbitraj təcrübəsində tətbiqi məsələlərinə toxunulub.
2024-cü ildə yenilənmiş BVA təlimatları beynəlxalq arbitrajda maraqlar toqquşmasının qiymətləndirilməsi üzrə geniş qəbul edilən standartları müəyyənləşdirir. Bu təlimatlar arbitraj icraatının şəffaflığının, prosessual ədalətliliyinin və etibarlılığının təmin edilməsində mühüm rol oynayır.
Bu birgə təşəbbüs Azərbaycanda arbitraj institutunun inkişafı, beynəlxalq arbitraj standartlarının milli hüquq təcrübəsində təşviqi və ölkənin beynəlxalq kommersiya mübahisələrinin həlli məkanı kimi mövqeyinin möhkəmləndirilməsi istiqamətində mühüm addımdır.