Dövlət Gömrük Komitəsində Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə tədbir keçirilib.
Manset.az xəbər verir ki, tədbirdə çıxış edən Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynov dahi rəhbərin həyatı və ictimai-siyasi fəaliyyətindən danışaraq bildirib ki, Azərbaycan xalqının Ümummilli lideri, müasir müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyev tarixin yetişdirdiyi nadir şəxsiyyətlərdəndir.
Qeyd olunub ki, ümummilli liderin uzaqgörən siyasətinin, yüksək idarəçilik bacarığının sayəsində 20-ci əsrin sonuncu onilliyində müstəqil Azərbaycan dövləti yenidən formalaşaraq güclənib, dünya birliyinin etibarlı üzvünə çevrilib. Azərbaycana rəhbərlik etdiyi ilk dövrdə Heydər Əliyev ölkəmizin iqtisadiyyatının qurulması və şaxələndirilməsində, sənayenin, kənd təsərrüfatının inkişafında, müasir tələblərə cavab verən elm ocaqlarının təşkilində, milli kadrların yetişdirilməsi istiqamətində qətiyyətli addımlar atıb.
Sonra Dövlət Gömrük Komitəsi Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov, Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Mirqasım Vahabov, gömrük əməkdaşı Aytən Pirəliyeva çıxış edərək ümummilli liderin həyat yolundan bəhs ediblər.
Tədbirin sonunda ümummilli liderin həyat və fəaliyyətindən bəhs edən film nümyiş olunub.