“Bir sıra sayt, qəzet, televiziyalar və sosial şəbəkələrdə intihar xəbərlərin yayımlanması cəmiyyətdə iradəsi zəif olan insanları bu addıma təhrik edir. Bu amil intihar hallarının sayını artırır”.
Manset.az xəbər verir ki, bu sözləri açıqlamasında, Manşet.az xəbər Portalının rəhbəri, jurnalist Famil Fərhadoğlu bildirib.
Jurnalist əlavə edib ki, bu cür xəbərlərin tirajlanması intihar hadisələrini təbliğ edir:
“Bu hallar bütün dünyada baş verir. Amma xarici mətbuat intihar və intihara cəhd kimi hallarla bağlı məlumatları çox tirajlamır. Çünki bu kimi xəbərlər kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə tirajlanandan sonra iradəsi zəif olan insanlar problemlərdən çıxış yolunu intiharda görür. Nəticədə intihar halları ilə bağlı mediada və sosial şəbəkələrdə yayılan məlumatlar özünəqəsd hallarının sayının artmasına səbəb olur.
Famil Fərhadoğlu qeyd edib ki, insanların intihara cəhd edən şəxsləri fikrindən daşındırmaq əvəzinə, onların görüntülərinin çəkib sosial şəbəkələrdə, internet resurslarında tirajlanması yolverilməzdir:
“Bəzən ətrafda olan insanlar özünəqəsd etmək istəyən şəxsləri kameraya çəkir və ya intihar hadisəsini əvvəldən sona qədər lentə alır. Həmin görüntülər tirajlanır və çoxsaylı auditoriya bunu izləyir. Bu da gələcəkdə məişət zorakılığından əziyyət çəkənləri, sosial qayğıları olanları bu prosesə təhrik edir. Ona görə də mətbuat nümayəndələri, eləcə də sosial şəbəkə istifadəçiləri daha diqqətli olmalıdır. İntihar hallarının sayını minimum endirmək üçün emosional, aqressiv və təhrikedici notlara dayanan özünəqəsd məlumatlarının tirajlanmasının qarşısı alınmalıdır”.