Ötən gecə paytaxtda qalanan İlaxır çərşənbə tonqalları ağacların yanmasına səbəb olub.
Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu, 2-ci mikrorayon, 20 Yanvar küçəsində baş verib.
Yanğınla bağlı BAKU.WS Fövqəladə Hallar Nazirliyi ilə əlaqə saxlayıb. Qurumun mətbuat xidmətindən cavab olaraq bildirildi ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, 2-ci mikrorayon, 20 Yanvar küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri yanğın baş verdiyi ünvana cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yaşayış binasının həyətində vətəndaşlar tərəfindən tonqal qalanması səbəbindən yanğının yaxınlıqdakı 2 şam ağacına keçdiyi müəyyən edilib.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğının digər ağaclara və geniş əraziyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülməsi təmin olunub.