Paşinyan rəsmi Bakı ilə masaya oturmağa hazırlıq görür – Rusiya ilk dəfə bu qədər NARAHATDIR

10:12 - 26 Dekabr 2023

Paşinyan rəsmi Bakı ilə masaya oturmağa hazırlıq görür – Rusiya ilk dəfə bu qədər NARAHATDIR

Nikol Paşinyanın rəhbərlik etdiyi Ermənistan Rusiyadan qaçmağa çalışdıqca Moskva bir o qədər İrəvanın ipini əlində bərk saxlamaq üçün variantlar üzərində düşünür. 

 

Rusiya bu mübarizədə heç şübhəsiz ki, İrəvandakı Qarabağ separatçılarının tör-töküntülərindən, o cümlədən radikal müxalifətdən istifadə etməyin ən effektiv üsul olduğu qənaətindədir. 

Ancaq Rusiyanın "problemi" çözmək üçün əlində kifayət qədər imkanı yoxdur. Məsələ ondan ibarətdir ki, Kreml Ermənistanda Nikol Paşinyanı devirə bilmir. Səbəb isə əsas olaraq bunu göstərmək olar ki, onun yerinə alternativ namizəd yoxdur. Robert Köçəryan və Serj Sarkisyan artıq bu rola yaramırlar, ermənilər arasında nüfuzları qalmayıb, o biri müxalifət təmsilçilərin də cəmiyyətdə dəstəyi yoxdur.

Məsələ bu aspektdən yanaşıdıqda deyə bilərik ki, baş nazir Nikol Paşinyanı və onun hökumətini yaxın günlərdə “Qarabağ klanı” ilə gərgin mübarizə gözləyir. Çünki Moskva üçün bundan "ideal" variant hələ ki, gözə çarpmır.

Ancaq Paşinyan da onu gözləyən təhlükədən artıq duyuq düşüb. Ermənistan baş naziri anlayır ki, bu qrupları neytrallaşdırmasa və separatçıların İrəvandakı “nümayəndəliklərini” qapatmasa Azərbaycanla sülh sazişinin imzalanmasının çətinləşməsi ilə yanaşı, Rusiyanın orbitindən uzaqlaşmaq manevrləri də qısılacaq. Bu isə öz növbəsində Rusiyadan asıllıqdan xilas olmağın daha da müşkülə çevrilməsi anlamına gəlir. 

Sözügedən proseslər bir-biri ilə çox bağlıdır. Belə ki, separatçılar Azərbaycana ərazi iddiasından əl çəkməyəcəkləri təqdirdə gələcəkdə fərqli təxribatlara əl ata bilərlər ki, bu da Ermənistan daxilində və Bakı ilə sülh dialoqunda ciddi problemlərə səbəb ola bilər.

Buna görə də indidən Nikol Paşinyanlı Ermənistan hakimiyyəti anlamalıdır ki, baş verə biləcək istənilən hadisələrə görə cavabdehlik daşıyır.

Artıq Ermənistandakı separatçılar fəallaşıb:

1. Öncə İrəvandakı gənc daşnaklar bugünlərdə təxribata əl ataraq körpülərdən birinin altında Bakıda saxlanılan separatçıların azadlığını tələb edərək onların şəkillərini asdılar.

İrəvanda separatçıların üzərində “erməni liderlər Bakıda həbsdədir” yazılan fotosu artıq həmin yerdən yığışdırılıb. Ermənistan müxalifəti bunu Paşinyanın İlham Əliyevdən qorxması kimi təqdim edir.

Paşinyan da bu fotonu yığışdırmaqda çox doğru addım atdı. Çünki Qarabağda ləğv edilmiş separatizmin İrəvanda davam etməsi Ermənistanın gələcəyini təhlükəyə atır.

2. Daha sonra biz Qarabağdan Ermənistana qaçan Samvel Şahramanyan Xankəndidə separatçı rejimin ləğvi ilə bağlı qərarından imtina edərək, “Dağlıq Qarabağın (qondarma) dövlət qurumlarının buraxılmasını nəzərdə tutan heç bir hüquqi sənəd yoxdur”, - bəyanatının şahidi olduq. O, hətta qondarma “qurumlara” vaxtarışı olaraq “hökumətə” məlumat verməyi tapşırıb.

Şahramanyanın qondarma “dqr”-i “bərpa etmək” qərarına Ermənistan hakimiyyətinin sərt reaksiya verməsi də Paşinyanın Azərbaycanla sülh imzalamaqdan savayı alternativlərinin qalmadığını dərk etməyə başladığı təəssüratını hər ötən gün artırır. 

İndi belə görünür ki, Şahramanyanın timsalında separatçıları susdurmaq Paşinyanın qarşısında duran əsas daxili məsələ kimi ön plana çıxacaq. Çünki əks təqdirdə Ermənistanın kommunikasiyaları açaraq, özünə yeni gələcək qurmaq planları kağız üzərində qala bilər. 

Bu nöqteyi nəzərdən Şahramanyanın qondarma “dqr”-i “bərpa etmək” qərarına Ermənistan hakimiyyətinin sərt reaksiya verməsi gözlənilən idi. 

Ermənistan hakimiyyəti indi vaxt itirmədən qəti şəkildə Azərbaycanın ərazi bütövlüyünə qarşı çağırışlar edən separatçıların fəaliyyətinin dayandırılması məsələsini gündəliyinə daxil etməlidir. Paşinyanın tərəfdarları Qarabağ separatçılarını nəzərdə tutaraq Ermənistan ərazisində “ikinci hökumət” və ya “ikinci parlamentin” fəaliyyətinə imkan verməyəcəklərini bildirdikləri kimi, bunu praktiki də həyata keçirərək rəsmi Bakının etimadını qazanmaq yönündə növbəti həlledici addımı atmaq barədə düşünməlidir. 

Rəsmi İrəvan bir məsələni xüsusilə anlamalıdır ki, məhz hakimiyyətin Azərbaycanla sülh danışıqlarındakı qeyri-müəyyənliyi sindromu Ermənistandakı revanşistlərin, radikal müxalifətin əl-qol açmasına imkan verir.

İrəvanın bu qeyri-müəyyənlik içində bəzi anlaşılmaz addımları təbii ki, regionda maraqları kəsişən qlobal və regional güclərə ambisiyalarını sərgiləmək üçün meydan verməkdən başqa bir şey deyil. Əgər həqiqətən də rəsmi İrəvan Bakı ilə sülh müqaviləsi imzalamaqda ən azı Azərbaycan qədər maraqlıdırsa, yaxın zaman kəsiyində qeyd olunan destruktiv davranışları konstruktiv addımlarla əvəz etməlidir.

Atabəy Türkel


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az