logo
logo logo
logo

ABŞ-də aralıq seçkilər tarixə düşdü - İlk müsəlman senator...

15:15 - 04 Noyabr 2026

ABŞ-də aralıq seçkilər tarixə düşdü - İlk müsəlman senator...

ABŞ-də noyabrın 3-də keçirilən aralıq seçkilər təkcə Konqresdəki qüvvələr nisbətini dəyişməklə kifayətlənməyib, ölkənin siyasi tarixində də yeni səhifə açıb. İlk müsəlman senatorun seçilməsindən ilk qaradərili qadın qubernatorun hakimiyyətə gəlməsinədək bir sıra tarixi hadisələr yaşanıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, onilliklər ərzində formalaşmış siyasi tarazlığı dəyişən namizədlər də seçkilərin diqqətçəkən simalarına çevriliblər.

ABŞ vətəndaşları Konqresin yeni tərkibini müəyyənləşdirməklə yanaşı, 36 ştatda qubernatorları və yerli qanunverici orqanların üzvlərini seçmək üçün də səs veriblər.

İlkin rəsmi olmayan nəticələrə əsasən, Respublikaçılar Partiyası həm Nümayəndələr Palatasında, həm də Senatda çoxluğu itirib.

Lakin seçkilər təkcə Konqresdə yeni qüvvələr nisbətinin formalaşması ilə deyil, ABŞ-ın siyasi tarixinə düşən bir sıra ilk hadisələrlə də yadda qalıb.

Ölkənin bir çox ştatında müxtəlif tarixlərdə başlayan erkən səsvermə prosesində iştirak göstəricisi rekord həddə çatıb.

Seçkilərlə bağlı məlumatları açıqlayan Florida Seçki Laboratoriyasının hesabatına görə, təxminən 210 milyon qeydə alınmış seçicisi olan ölkədə 59 milyona yaxın insan erkən səsvermədə iştirak edib.

Beləliklə, 2022-ci il aralıq seçkilərində qeydə alınmış 45,9 milyon nəfərlik erkən səsvermə rekordu yenilənib.

Miçiqan ştatında Demokratlar Partiyasının namizədi Əbdül Əl-Seyid Respublikaçı Mayk Rocersi məğlub edərək ABŞ Senatına seçilən ilk müsəlman olub.

Bernie Sanders və Alexandria Ocasio-Cortez kimi siyasətçilərin dəstəklədiyi Əl-Seyid İsrailə hərbi yardımın əleyhinə çıxması, Qəzzada baş verənləri soyqırımı adlandırması və iqtisadi bərabərsizliklə mübarizə vədləri ilə diqqət çəkib.

Nyu-Cersi ştatının 12-ci seçki dairəsində də tarixi hadisə qeydə alınıb.

Respublikaçı rəqibi Qreqq Melini məğlub edən Demokratlar Partiyasının namizədi Adam Hamavi ştat tarixində Nümayəndələr Palatasına seçilən ilk müsəlman olacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az