Şri Lanka hökuməti müharibədən qaçmaq üçün ölkədə olan yüz minlərlə rus və bəzi ukraynalıya yaxın günlərdə ölkəni tərk etməli olduqlarını bildirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Baş İmmiqrasiya Müvəkkili, "uçuş vəziyyəti artıq normallaşdığı üçün" hökumətin viza müddətinin daha da uzadılmasına icazə verməyəcəyini söyləyib.
Turizm Nazirliyinə göndərilən məktubda Şri-Lankanın immiqrasiya rəsmiləri ölkədə uzadılmış turist vizası olan rus və ukraynalılardan fevralın 23-dən etibarən iki həftə ərzində Şri-Lankanı tərk etmələrini xahiş ediblər.
Minlərlə rus və daha az sayda ukraynalının ölkədə uzun müddət qalması, hətta öz restoran və gecə klublarını yaratması narahatlıq doğurub.
Turizm naziri Harin Fernando açıqlamasında bildirib ki, nazirliyə bəzi rusiyalı turistlərin ölkənin cənub bölgəsində qeydiyyatdan keçməmiş və qeyri-qanuni biznes fəaliyyəti ilə bağlı şikayətlər daxil olub.
O, bildirib ki, İmmiqrasiya Departamenti ilə müzakirələrdən sonra səlahiyyətli orqanlar tərəfindən reydlər keçirilib.
Bu basqınlar ruslar tərəfindən idarə olunan və yerli sakinlərə girişi qəti şəkildə qadağan edən “yalnız ağlar” siyasətinə malik müəssisələrin sosial mediada böyük tənqidlə qarşılandığı dövrə təsadüf edib. Bu müəssisələrə barlar, restoranlar, su idman növləri və avtomobil icarəsi xidmətləri daxildir.
Əfsanə Rəcəb
Manşet.az