Ötən gün İndoneziyadan Səudiyyə Ərəbistanına getmək üçün Makassardan havaya qalxan “Garuda Indonesia” aviaşirkətinə məxsus “Boeing 747-400” tipli təyyarənin mühərriki havaya qalxarkən yanmağa başlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, təyyarə dərhal uçuş-enmə zolağına qayıdıb və məcburi eniş edib.
Təyyarədə olan 450 sərnişin və 18 ekipaj üzvü arasında heç kim xəsarət almayıb. Bununla belə, bu, Boeing-in son vaxtlar yaşadığı bir sıra fövqəladə halların sonuncusu idi.
2018 və 2019-cu illərdə İndoneziya və Efiopiyada baş verən və ümumilikdə 346 nəfərin öldüyü iki təyyarə qəzasından sonra Boeing 737 Max 9 tipli təyyarələrin uçuşu uzun müddətə qadağan edilmişdi.
Bütün bu hadisələrə görə bir çox aviaşirkətlər Boeing təyyarələrinin uçuşlarını dayandırıb. Bu arada Airbus təyyarələrinin mühərriklərini istehsal edən şirkət də nasazlıqlara görə yüzlərlə mühərriki geri çağırıb. Bu, birdən-birə “təyyarə qıtlığına” səbəb olub. Bir çox şirkət bu səbəbdən təyyarə icarəsi üçün müraciət ediblər. Lakin tələbat yüksək olsa da, bazarda kifayət qədər təyyarə yoxdur. Təyyarə icarəsi şirkəti Avia bildirib ki, 30-dan çox təyyarə icarəyə götürən Türk Hava Yolları (THY) onun ən böyük müştərisidir. Digər tərəfdən, mütəxəssislər təyyarə tapılmadığı üçün 2026-cı ilə qədər bir çox reyslərin ləğv ediləcəyini proqnozlaşdırırlar.
Əfsanə Rəcəb
Manşet.az