İranın müvəqqəti prezidenti Məhəmməd Moxber ölkə prezidenti postuna namizəd kimi irəli sürülməyəcək.
Manset.az bu barədə "Tasnim" agentliyi mənbələrə istinadən yazıb.
Agentlik həmçinin İran parlamentinin rəhbəri Məhəmməd Bağır Qalibafın seçkilərdə iştirak etmək üçün qeydiyyatdan keçdiyini bildirib. Seçkilər iyunun 28-də baş tutacaq.
İran prezidentliyinə namizədlərin qeydiyyatı mayın 30-dan iyunun 3-dək davam edir. Hazırda seçkilərdə iştirak etmək üçün ümumilikdə 59 nəfər ərizə verib. Onların arasında ölkənin eks-prezidenti Mahmud Əhmədinejad, keçmiş vitse-prezident Eşaq Cahangiri və İran Mərkəzi Bankının keçmiş rəhbəri Abd-ol Nasser Hemmati də var. Ölkə parlamentinin 32 sabiq deputatı da qeydiyyatdan keçib.
İranda prezident seçkiləri 2025-ci ildə keçirilməli idi. Lakin 2021-ci ildən ölkəyə rəhbərlik etmiş İbrahim Rəisinin vəfatı ilə əlaqədar vaxtından əvvəl seçki təyin edilib. Mayın 19-da onun helikopteri qəzaya uğrayıb. Təyyarədə xarici işlər naziri Hüseyn Əmir-Abdullahian da daxil olmaqla rəsmilərdən ibarət nümayəndə heyəti də olub.
Jalə
Manşet.az