Rusiya prezidenti Vladimir Putin monqolustanlı həmkarı Uxnaqiyn Xurelsuxu bu ilin oktyabrında Kazanda keçiriləcək BRİKS sammitinə dəvət edib.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Belə ki, sentyabrın 2-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Monqolustana rəsmi səfər edib.
Putinin səfəri 1939-cu ildə Xalxin Qolda sovet və Monqolustan qoşunlarının Yaponiya silahlı qüvvələri üzərində birgə qələbəsinin 85-ci ildönümünə təsadüf edir.
“Mən sizi Rusiyaya, bu il BRiKS sammitinə ev sahibliyi edəcəyimiz Kazana dəvət etmək istərdim. Biz sizi gözləyirik”, - Putin bildirib.
O, həmçinin Xurelsuxu Rusiya və Monqolustan arasında müxtəlif sahələrdə, ilk növbədə iqtisadiyyatda qarşılıqlı əlaqəni müzakirə etməyə dəvət edib.
İki ölkənin liderləri arasında danışıqlar Ulan-Batorda Dövlət Sarayının binasında baş tutub.
Qeyd edək ki, Putin eyni zamanda Böyük Xuralın (birpalatalı parlament) sədri Daşzeqviin Amarbayasqalan və Baş nazir Luvsannamsrain Oyun-Erdene ilə də görüşməyi planlaşdırır.
Xatırladaq ki, Putin sonuncu dəfə beş il əvvəl Monqolustanda olmuşdu.
Fidan Əliyeva
Manşet.az