94-cü Akademiya Mükafatları mərasimində Kris Roka sillə vurması ilə uzun müddət gündəmdə qalan Hollivud ulduzu Uill Smit bu dəfə illər əvvəl verdiyi qərarla bağlı etirafı ilə diqqət çəkib.
Manset.az-ın əldə etdiyi məlumata görə, aktyor son müsahibəsində rejissor Kristofer Nolanın 2010-cu ildə çəkilən məşhur "Başlanğıc" ("Inception") filmində onu baş rol üçün nəzərdə tutduğunu açıqlayıb. Lakin o, ssenarini tam anlamadığı üçün təklifi geri çevirdiyini bildirib.
Smit bu barədə danışarkən “Bu, dəhşətli hissdir”, – deyə qərarından peşman olduğunu gizlətməyib.
Qeyd edək ki, sonradan həmin rolu Leonardo Di Kaprio canlandırıb. Film dünya üzrə təxminən 900 milyon dollar gəlir əldə edib və dörd Oskar mükafatına layiq görülüb.
"Başlanğıc" filminin aktyor heyətində Leonardo Di Kaprio ilə yanaşı Marion Kotiyard, Cozef Qordon-Levitt, Ellen Peyc, Silian Mörfi, Ken Vatanabe, Tom Hardi və Maykl Keyn kimi tanınmış adlar yer alıb. Ekran əsərində məqsədi şüuraltının sirlərini oğurlamaq olan Dom Kobbun hekayəsi əks olunub.