Türkiyəyə rəsmi səfər edən Gürcüstan Prezidenti Kavelaşvili, Prezident Rəcəb Tayyib Ərdoğanla Ankarada baş tutan görüşdən sonra keçirilən mətbuat konfransında danışıb.
Manset.az xəbər verir ki, Kavelaşvili, Türkiyə ilə Gürcüstan arasında strateji tərəfdaşlıq və dostluğun əhəmiyyətini vurğulayaraq, əməkdaşlıq sahələrinin geniş müzakirə olunduğunu bildirib. Kavelaşvili qeyd edib ki, Gürcüstanın ərazi bütövlüyü və suverenliyi baxımından Türkiyənin dəstəyi çox önəmlidir. O, həmçinin Gürcüstanın Aİ-yə inteqrasiya prosesi üçün də Türkiyənin dəstəyinə təşəkkür edib.
Prezident, Gürcüstanın Azərbaycan-Ermənistan barış prosesinə verdiyi töhfəni davam etdirəcəyini və üçtərəfli əməkdaşlıq (Azərbaycan-Türkiyə-Gürcüstan) modelinin bölgə sabitliyi üçün nümunəvi olduğunu vurğulayıb.
Karadenizdə təhlükəsizlik məsələlərinə də toxunan Kavelaşvili, Prezident Ərdoğanın bu sahədəki rolunu sülhün bərqərar olması baxımından “son dərəcə önəmli” adlandırıb.
Görüşdə enerji və ticarət əlaqələri, o cümlədən Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Qars dəmir yolu layihələrinin siyasi əməkdaşlığa yeni impuls verdiyi də qeyd olunub.