İngiltərə Sağlamlıq Təhlükəsizliyi Agentliyi (UKHSA) ölkədə "chikungunya" virusu hallarının iki dəfədən çox artdığını bildirib.
Manset.az xəbər verir ki, yoluxmaların böyük əksəriyyəti Hindistan, Şri-Lanka və Moris kimi ölkələrə səyahətlə bağlıdır və virus İngiltərədə olmayan iki növ həşərat vasitəsilə ötürülür. Bu səbəblə, virusun ölkədə yayılma riski yoxdur.
UKHSA-nın yazılı açıqlamasına görə, bu ilin ilk 6 ayında 73 "chikungunya" halı aşkar edilib. Bu, ötən ilin eyni dövründə qeydə alınan 27 haldan iki dəfədən çoxdur və bütün yoluxmalar xarici səyahətlə əlaqəlidir.
Açıqlamada, virusun öldürücü olma ehtimalının aşağı olduğu bildirilsə də, bəzi hallarda oynaq ağrılarının illərlə davam edə biləcəyi qeyd olunub. Bu səbəblə, xaricə gedən şəxslərə həşərat dişləmələrinə qarşı tədbir görmələri tövsiyə olunub.