İndoneziyanın Şərqi Cava əyalətinə bağlı Sidoarco qəsəbəsində yerləşən bir internat məktəbində baş verən dəhşətli qəza ölkəni yasa boğub.
Manset.az-ın məlumatına görə, 29 sentyabr tarixində məktəb binasına qanunsuz şəkildə əlavə olunan iki mərtəbə səbəbindən bina qəfildən çöküb.
Hadisədən dərhal sonra əraziyə axtarış-xilasetmə qrupları cəlb olunub və dağıntılar altından insanların çıxarılması istiqamətində intensiv işlər aparılır. Rəsmilər dağıntılar altından indiyədək 54 şagirdin cəsədinin çıxarıldığını, 18 nəfərin isə hələ də itkin düşdüyünü bildiriblər. Yaralıların sayı və vəziyyəti barədə isə hələlik dəqiq məlumat yoxdur.
Yerli hakimiyyət orqanları binanın tikintisində heç bir rəsmi icazənin olmadığını və bu məsələ ilə bağlı cinayət işi açıldığını açıqlayıb. İstintaq çökən binanın tikintisində məsuliyyətsizlik və təhlükəsizlik qaydalarının kobud şəkildə pozulması hallarını araşdırır.