Türk kinosunun 1960-cı və 1970-ci illərinə damğa vuran, Yeşilçamın unudulmaz aktyorlarından biri olan Engin Çağlar avtomobil qəzasında həyatını itirib.
Manset.az-ın məlumatına görə, üzücü xəbəri onun təsisçilərindən olduğu Film-San Fondu açıqlayıb.
Ötən gün Şişlidə yolu keçmək istəyən təcrübəli aktyoru motosiklet vurub. Xəstəxanaya aparılan Çağlar həkimlərin bütün müdaxilələrinə baxmayaraq xilas edilə bilməyib.
“Qadın deyil, baş bəlası”, “Kınalı Yapıncak”, “Feride”, “Makber” və “Rüyalar Gerçek Olsa” kimi unudulmaz Yeşilçam filmlərində baş rollarda oynamış əfsanəvi aktyor Engin Çağlar 85 yaşında vəfat edib.