Nepalın Soluxumbu bölgəsində iki helikopter eniş zolağında toqquşub.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, qəza nəticəsində 1 Hindistan vətəndaşı olan turist həlak olub, 1 Yeni Zelandiya turisti isə yaralanıb.
Nepal Mülki Aviasiya İdarəsindən (CAAN) verilən açıqlamaya görə, Everest dağının əsas düşərgə bölgəsində turistləri daşıyan "Fishtail Air" şirkətinə məxsus helikopter ilə yük daşıyan "Dynasty Air" adlı özəl şirkətin helikopteri eniş zamanı toqquşub. Qəza nəticəsində "Fishtail Air" helikopterində olan hindistanlı turistin dünyasını dəyişdiyi, yeni zelandiyalı turistin isə xəsarət aldığı bildirilib.
Hadisə Nepalda yürüş və dağçılıq mövsümünün ən qızğın vaxtında – helikopterlərin əraziyə turistlər və alpinistlər daşıdığı dövrdə baş verib. Everest dağı bölgəsində yolların olmaması səbəbindən nəqliyyat əlaqəsinin olduqca çətin olduğu məlumdur. Xəstəlik və ya yorğunluq ucbatından səfərini yarıda qoymaq məcburiyyətində qalan alpinistləri və bələdçiləri təxliyə etmək üçün mütəmadi olaraq helikopterlərdən istifadə olunur.