Ukrayna Prezidenti Volodimir Zelenski Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə Ukrayna, ABŞ və Rusiya arasında aparılan üçtərəfli danışıqlarda müharibənin başa çatdırılmasının “parametrləri”nin müzakirə edildiyini bildirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Zelenski sosial şəbəkə hesabında paylaşdığı videomüraciətdə bu gün BƏƏ-də başlayan Rusiya–Ukrayna müharibəsinin dayandırılmasına yönəlmiş üçtərəfli danışıqlarla bağlı dəyərləndirmə aparıb.
O qeyd edib ki, hər üç ölkənin nümayəndə heyətləri bu gün Əbu-Dabidə bir araya gəlib. Ukrayna Prezidenti bildirib:
“Bu, mühüm hadisədir, çünki uzun müddətdir bu formatda üçtərəfli danışıqlar keçirilmirdi. Müharibənin sona çatdırılmasının parametrləri müzakirə olunur. İndi Rusiyadan, heç olmasa, müəyyən bir cavab alınmalıdır. Ən vacibi isə Rusiyanın özünün başladığı bu müharibəni bitirməyə hazır olmasıdır”.
Zelenski danışıqlarda iştirak edən Ukrayna nümayəndə heyətindən mütəmadi məlumat aldığını vurğulayıb və görüşlərin sabah da davam edəcəyini bildirib.
Ukrayna Prezidenti əlavə edib: “Bugünkü görüşlərin məzmunu əsasında nəticə çıxarmaq üçün hələ tezdir. Sabahkı danışıqların necə keçəcəyini və hansı nəticələrin əldə olunacağını görəcəyik”.