İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəkayi ABŞ-nin bölgəyə hərbi gəmilər göndərməsini “güc nümayişi” kimi dəyərləndirib və Vaşinqtona xəbərdarlıq edərək bildirib ki, İrana qarşı yönələn istənilən hücuma sərt cavab veriləcək.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, İsmayıl Bəkayi həftəlik mətbuat konfransında gündəmdə olan məsələlərlə bağlı açıqlamalar verib. ABŞ-nin “USS Abraham Lincoln” aviadaşıyıcısını Yaxın Şərqə göndərməsinə və Körfəz ölkələri ilə birgə hərbi təlimlərə başlamasına toxunan nazirlik rəsmisi qeyd edib ki, İran uzun müddətdir hibrid müharibə şəraitindədir.
Onun sözlərinə görə, 12 gün davam edən müharibədən sonra demək olar ki, hər gün yeni iddialar və təhdidlərlə üzləşirlər. Bəkayi vurğulayıb ki, region ölkələri istənilən sabitsizliyin yoluxucu xarakter daşıdığını və konkret məqsədlərə xidmət etdiyini yaxşı anlayır. O bildirib ki, beynəlxalq hüquqa hörmət edən bütün dövlətlər ABŞ-nin təhrifedici yanaşmalarına qarşı açıq və qəti mövqe nümayiş etdirməlidir.
Nazirlik sözçüsü əlavə edib ki, İran öz imkanlarına güvənir və iyun ayında baş verən hadisələrdən çıxarılan təcrübəni yaddaşında saxlayır. Onun sözlərinə görə, İran əvvəlkindən daha güclüdür və ölkəyə qarşı ediləcək istənilən hücuma adekvat cavab verəcək.