Dünya sonu doğru yaxınlaşır? - Alimlər zamanın azaldığını dedi

23:58 - 28 Yanvar 2026

Dünya sonu doğru yaxınlaşır? - Alimlər zamanın azaldığını dedi

Alimlər simvolik olaraq dünyanın sonunu göstərən Qiyamət Saatini yeniləyiblər. Dünya sonuna daha 4 saniyə yaxınlaşıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ mərkəzli Atom Alimləri Bülleteninin Elm və Təhlükəsizlik Şurası ənənəyə uyğun olaraq bu il də Qiyamət Saatini yeniləyib. Saatın əqrəbi gecə yarısına – simvolik mənada dünyanın sonuna – 85 saniyə qalmış vəziyyətə gətirilib. Bu, saatın tarixində indiyədək qeydə alınan ən irəli mövqedir.

Bəs alimlərin fikrincə, dünyanın sonuna yaxınlaşmanın səbəbləri nələrdir?

Atom Alimləri Bülleteninin prezidenti Aleksandra Bell nüvə silahlarından istifadə riskinin artmasına, eləcə də iqlim dəyişikliyi kimi qlobal təhlükələrə diqqət çəkib.

Bell bildirib:

“Nüvə silahları, iqlim dəyişikliyi və dağıdıcı texnologiyaların inkişafı ilə bağlı risklər getdikcə artır. Hər saniyə mühümdür və vaxtımız sürətlə azalır. Reallıq ağırdır, lakin mövcud vəziyyət budur. Qiyamət Saati artıq gecə yarısına 85 saniyə qaldığını göstərir. Bu, saatın tarixində ən təhlükəli səviyyədir.”

Aleksandra Bell Rusiyanın Ukraynaya qarşı müharibəsini, Hindistan və Pakistan arasında baş verən qarşıdurmaları, eləcə də ABŞ və İsrailin İran ərazisinə endirdiyi zərbələrdən sonra İranın nüvə silahı hazırlamaq potensialına malik olub-olmaması ilə bağlı müzakirələri xatırladıb. O, münaqişələrin daha da genişlənə biləcəyindən ciddi narahatlıq ifadə edib.

Açıqlamada dağıdıcı texnologiyalara nümunə kimi süni intellekt göstərilib. Sürətlə inkişaf edən süni intellekt texnologiyalarının yanlış məlumatların yayılmasında mühüm rol oynadığı vurğulanıb.

Qiyamət Saati ABŞ-ın İkinci Dünya müharibəsi zamanı Yaponiyaya atom bombası atmasından və müharibənin başa çatmasından sonra, 1947-ci ildə yaradılıb. Alimlər bu saat vasitəsilə bəşəriyyətin, xüsusilə də nüvə texnologiyaları başda olmaqla, öz yaratdığı təhlükələr səbəbindən məhvolma riski ilə üz-üzə qaldığına diqqət çəkməyi məqsəd qoyublar.

Qeyd edək ki, saat ötən il gecə yarısına 89 saniyə qaldığını göstərirdi.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az