ABŞ Prezidenti Donald Trampın Hörmüz Boğazında vəzifə icra etmələri üçün etdiyi çağırışa Fransadan, Almaniyadan, İngiltərədən və digər bir çox Avropa ölkəsindən, eləcə də Yaponiya, Cənubi Koreya və Avstraliyadan mənfi cavab gəlib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, İrandakı uzunmüddətli qarşıdurmaların ardında, ABŞ-İsrail koalisiyası Hörmüz Boğazındakı dəniz nəqliyyatının açıq qalması üçün Avropa ölkələrindən dəstək istəmişdi. Lakin əvvəllər Avropanı sərt şəkildə tənqid edən ABŞ Prezidenti Donald Trampın çağırışı Avropa paytaxtlarından mənfi cavab alıb.
Almaniya hökumətinin sözçüsü etdiyi açıqlamada, İranla aparılan müharibənin NATO ilə heç bir əlaqəsinin olmadığını bildirərək Almaniyanın nə müharibəyə, nə də Hörmüz Boğazının hərbi yolla açıq tutulmasına dair təşəbbüslərə qatılmayacağını ifadə edib.
İngiltərə Baş naziri Keir Starmer da ölkəsinin regional müharibəyə cəlb edilməyəcəyini vurğulayıb. Trampın çağırışına yalnız Avropadan deyil, bəzi Asiya-Sakit Okean ölkələrindən də mənfi cavab gəlib. Yaponiyanın, Cənubi Koreyanın və Avstraliyanın Hörmüz Boğazına gəmi göndərməyə isti yanaşmadığı bildirilir.