Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiyaya rəsmi səfəri çərçivəsində keçirdiyi görüşləri davam etdirir.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, nazir Hakan Fidan Rusiyanın Kazan şəhərində keçirilən görüşlər çərçivəsində Rusiya Prezidenti Vladimir Putin tərəfindən qəbul olunub.
Görüş zamanı iki ölkə arasındakı münasibətlər, eləcə də regional və beynəlxalq gündəmdə yer alan son hadisələr müzakirə edilib.
Hakan Fidan gün ərzində Rusiyaya səfəri çərçivəsində paytaxt Moskva şəhərində Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə də görüş keçirib.
Türkiyənin xarici işlər naziri bundan əvvəl isə Rusiya prezidentinin müşavirləri İqor Levitin və Vladimir Medinski ilə ayrıca görüşlər keçirmişdi.