Çinin cənub-qərbində yerləşən Sıçuan əyalətində güclü zəlzələ qeydə alınıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Çin Zəlzələ Şəbəkələri Mərkəzinin (CENC) yaydığı məlumata görə, gecə saatlarında episentri Sıçuan əyalətinin Yibin şəhərinə tabe olan Gaoşyan rayonunda yerləşən 5,5 bal gücündə yeraltı təkan baş verib.
Zəlzələ 6 kilometr dərinlikdə baş verib. İlkin məlumata əsasən, təbii fəlakət nəticəsində ölən olmayıb. Müxtəlif dərəcəli yüngül xəsarətlər alan 13 nəfər xəstəxanalara yerləşdirilərək müalicəyə cəlb olunub.
Zəlzələdən sonra bölgədə üçüncü səviyyəli fövqəladə vəziyyət rejimi elan edilib. Zədələnmiş binalarda yaşayan 196 nəfər təhlükəsizlik məqsədilə müvəqqəti sığınacaqlara köçürülüb.