Fransa və İspaniyada davam edən genişmiqyaslı meşə yanğınları səbəbindən təxliyə olunan insanların sayı 250 mini ötüb.
Manset.az xəbər verir ki, bu barədə "CBS News" məlumat yayıb.
Məlumata görə, Fransada meşə yanğınları səbəbindən azı 197 min nəfər təhlükəsiz ərazilərə köçürülüb. Ölkənin daxili işlər naziri Loran Nunyes bildirib ki, bu, ehtimal ki, Fransa tarixində sülh dövründə həyata keçirilən ən böyük əhali təxliyəsidir.
Yanğınlar indiyədək təxminən 98 min hektar ərazini məhv edib ki, bu da ölkə tarixində rekord göstərici hesab olunur.
İspaniyada isə 70 minə yaxın insan evlərini tərk etmək məcburiyyətində qalıb. Manises şəhərində bir nəfərin həlak olduğu bildirilir.
İspaniyanın Baş naziri Pedro Sançes Madrid yaxınlığındakı yanğın bölgəsinə səfəri zamanı bildirib ki, ilin əvvəlindən ölkədə təxminən 130 min hektar meşə sahəsi yanıb. Bu göstərici son on ilin orta illik səviyyəsini - 100 min hektarı üstələyir.
Fransa Prezidenti Emmanuel Makron Bordo bölgəsində yanğınlarla mübarizəyə dəstək məqsədilə təxminən 1 000 hərbçinin cəlb olunması barədə göstəriş verib.
Hər iki ölkə Avropadakı tərəfdaşlarından yardım istəyib. İspaniyaya İtaliya, Yunanıstan, Niderland və Portuqaliyadan yanğınsöndürən təyyarələr göndərilib. Fransaya isə Xorvatiya və Portuqaliyadan aviasiya vasitələri, Çexiya və Slovakiyadan isə helikopterlər cəlb olunub.
Meşə Yanğınları üzrə Avropa Məlumat Sisteminin məlumatına görə, ilin əvvəlindən bəri Avropa İttifaqı ölkələrində yanan ərazilərin ümumi sahəsi müşahidələr tarixində ikinci ən yüksək göstərici olub.
Mütəxəssislərin fikrincə, meşə yanğınlarının geniş vüsət almasına Avropada hökm sürən anomal isti hava şəraiti səbəb olub. Hazırda Yunanıstan və Portuqaliya da güclü yanğınlarla mübarizə aparır.