Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada ATO Congresium-da keçirilən II Kommunikasiya Şurasında çıxışı zamanı 6 fevral zəlzələləri dövründə yayılan dezinformasiyalara toxunub.
Manset.az-ın məlumatına görə, o bildirib ki, həmin dövrdə dövlət həm zəlzələdən zərərçəkənlərə yardım göstərib, həm də müxtəlif dairələrin yaydığı dezinformasiyalarla mübarizə aparmalı olub. Ərdoğanın sözlərinə görə, son həftələr üzə çıxan məlumat və sənədlər zəlzələ zamanı dövlətə və cəmiyyətə qarşı aparılan təxribatları ortaya qoyur.
Prezident qeyd edib ki, zəlzələdən siyasi və iqtisadi məqsədlərlə istifadə edən şəxslər hazırda məhkəmə qarşısında cavab verirlər.
"Qanunun aliliyini təmin etmək üçün nə lazımdırsa, edəcəyik. Gərginlik, qütbləşmə, qorxu və təşviş yaratmaq istəyənlərin dövlətə qarşı imkanlarından silah kimi istifadə etməsinə bundan sonra da imkan verməyəcəyik", – deyə Ərdoğan vurğulayıb.