Danimarkada qəbul edilən yeni dəyişikliklərə əsasən, məcburi hərbi xidmət müddəti 4 aydan 11 aya yüksəldilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Danimarka ordusunda həyata keçirilən yeni islahat çərçivəsində hərbi xidmət müddəti uzadılıb. Yeni sistemin ilk mərhələsində tamamilə könüllülərdən ibarət 1 600 nəfərlik qrup hərbi hazırlıq təlimlərinə başlayıb.
Həyata keçirilən islahatla ölkə tarixində ilk dəfə qadınlar da kişilərlə eyni şərtlər əsasında hərbi xidmət sisteminə cəlb olunub.
Yeni sistemə əsasən, hərbçilərin 5 aylıq əsas hazırlıq mərhələsindən sonra 6 ay ərzində əməliyyat vəzifələrində iştirak edəcəyi bildirilib.
Qeyd olunub ki, hərbçilər quru qoşunları, hərbi dəniz qüvvələri və hava qüvvələrinin tərkibində fəaliyyət göstərən 14 müxtəlif təlim mərkəzində pilotsuz uçuş aparatlarının idarə olunması, radar operatorluğu və patrul xidməti kimi müxtəlif istiqamətlər üzrə hazırlıq keçəcəklər.
Danimarka ordusunun əməliyyat imkanlarını artırmağa yönəlmiş yeni islahat çərçivəsində hər il hərbi xidmətə çağırılan şəxslərin sayının 2033-cü ilədək 5 mindən 7 min 500 nəfərə çatdırılması planlaşdırılır.